NUHÇIXAN xəbər verir ki, ötən həftə Naxçıvana səfər edən Türkiyənin tanınmış tarixçi-alimi İlber Ortaylı səfər təəssüratlarını rəsmi Instagram hesabında bölüşüb. Paylaşım qısa müddətdə 51 mindən çox bəyənmə toplayıb, 500-ə yaxın şərh yazılıb.
Ortaylı Naxçıvanı “sevimli bir Güney Qafqaz şəhəri” adlandıraraq şəhərin memarlığının, yaşıllığının və ümumi görünüşünün onu dərindən təsirləndirdiyini vurğulayıb:
“İran, Avropa və Anadolu burada birləşir. Ən çox diqqətimi çəkən məqam kəndlərdə belə musiqi məktəblərinin olması və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrə sahib olması idi. Qürur duydum, heyran qaldım və öz-özümə soruşdum: Atatürkün musiqi inqilabı etdiyi ölkəmizdə niyə yoxdur?”
Alim səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşündən, keçirilən konfranslardan, qarşılaşdığı suallardan və ona göstərilən diqqətdən razılığını ifadə edib.
Türkiyəli tarixçi paylaşımında Naxçıvanın mətbəxini, incəsənətini və mədəniyyətini də yüksək qiymətləndirib:
“Naxçıvan bambaşqa bir ruh daşıyır. Qafqaz, Azərbaycanın varlığı ilə formalaşır. Heydər Əliyevin dediyi kimi: ‘Bir millət, iki dövlət.’ Azərbaycan xalqının Türkiyəyə bağlılığı, türk mədəniyyətinə marağı böyükdür. İki ölkə arasındakı ən güclü bağ yalnız hərbi və iqtisadi sahələr deyil, eyni zamanda mədəniyyətdir. Bu isə tarixi mirasın təbii nəticəsidir”.
Ortaylı həmçinin Naxçıvanda hər kəsin İstanbul türkcəsini düzgün tələffüzlə danışmasına diqqət çəkərək, bunun Azərbaycan gəncliyinin dilə və mədəniyyətə bağlılığının göstəricisi olduğunu bildirib.
Naxçıvanın təbiətindən, suyundan və inkişaf edən infrastrukturundan söz açan alim bölgənin tarixən Türkiyə ilə dərin bağlara sahib olduğunu da vurğulayıb.