Azərbaycanın Milli Qəhrəmanları – Zakir Yusifov və Eldar Ağayev

A- A A+

29 sentyabr 1956-cı ildə dünyaya göz açan Zakir Yusifov, 196 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki Təyyarəçilik məktəbinə qəbul olunub, 1977-ci ildə oranı uğurla başa vuraraq səmaların oğluna çevrilmişdi.

Onun ömür yolunda göy üzü əsl meydan oldu – əvvəlcə AN-2 təyyarəsinin komandiri, daha sonra eskadriliya rəhbəri, müfəttiş kimi çalışaraq aviasiyada öz dəst-xəttini qoydu. Paralel olaraq təhsilini davam etdirərək, 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini də bitirdi.

Azərbaycan hərbi aviasiyasının təməl daşlarından biri – ilk hərbi vertolyot eskadriliyasının qurucusu məhz Zakir Yusifov oldu. Qarabağın od-alov içində olduğu günlərdə Füzuli, Xocavənd, Şuşakənd, Ağdərə və Tərtər istiqamətlərində saysız-hesabsız qəhrəman uçuşlar həyata keçirdi.

1992-ci ilin 11 noyabrında Səfiyan kəndinə uçarkən düşmən gülləsi onun vertolyotunu susdurdu, amma qəhrəman adını əbədiyyətə yazdı. Şəhidlər Xiyabanında torpağa tapşırılan Zakir Yusifov, Prezidentin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bu gün oxuduğu məktəb, Bakı küçələrindən biri və Şəkinin yeni salınmış məhəlləsi onun adını daşıyır.

28 sentyabr 1955-ci ildə Tbilisidə hərbçi ailəsində doğulan Eldar Ağayev, uşaqlıq illərini Bakıda keçirdi. Erkən yaşlarından hərb yolunu seçərək, 1972–1976-cı illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil aldı. Onun xidmət yolu uzaq Qusevdən Kamçatkaya, Obluçyedən Əfqanıstana qədər uzandı. Əfqan torpaqlarında göstərdiyi igidliklə seçildi, kəşfiyyat bölüklərinin komandiri olaraq böyük təcrübə qazandı.

SSRİ dağıldıqdan sonra Eldar Ağayev Vətənə – Azərbaycana qayıtdı. Qarabağ savaşında o, 775-ci reyd dəstəsini və 776-cı kəşfiyyat taborunu yaratdı, şəxsən döyüşlərə rəhbərlik etdi. 1995-ci ildə dövlət çevrilişinə cəhd zamanı öz dəstəsi ilə Vətənin taleyini qorudu, göstərdiyi igidlik sayəsində onlarla döyüşçü Milli Qəhrəman adına layiq görüldü.

Eldar Ağayev sonrakı illərdə gənc hərbçilərin yetişdirilməsinə xidmət etdi – Azərbaycan Texniki Universitetinin hərbi kafedrasının, daha sonra BAÜKM-in kəşfiyyat kafedrasının rəisi oldu. Həmçinin ədliyyə sistemində də çalışaraq dövlətə sədaqətlə xidmət etdi.

Onun igidliyi Sovet dönəmində “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə, müstəqillik illərində isə “Azərbaycan Bayrağı” ordeni ilə qiymətləndirildi. Prezidentin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Eldar Ağayev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

2013-cü ilin 17 mayında dünyasını dəyişən qəhrəman, ömür yolunu xalqına xidmət, Vətəninə sədaqət və igidliklə başa vurdu.

Onların adı əbədidir

Zakir Yusifov göylərin, Eldar Ağayev isə torpağın qəhrəmanı oldu. Onların ömür yolu bir millətin azadlıq dastanına çevrildi. Adları tarixə qızıl hərflərlə yazıldı, ruhları isə hər bir azərbaycanlının qəlbində yaşayır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: