Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirib.
Qeyd edək ki, ümumilikdə Culfa rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 147 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib. Bunlardan 43 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 3 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 101 nəfər isə fiziki şəxslərdir.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramin Həsənquliyev qeyd edib ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını qanunvericiliyə uyğun olaraq həyata keçirir. İşləyən hər bir vətəndaş fərdi uçot sistemində qeydiyyata alınır, onlara uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır. Bununla da istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılması ilə yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətə də imkan verir.
Culfa rayon Vergilər şöbəsinin rəisi Qurban Hacıyev isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Həmçinin qeyd edib ki, hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.