Tarixlərdə yaşayan Ulu Naxçıvan - Naxçıvan Muxtar Respublikası – 95 - FOTOLAR

A- A A+

Naxçıvan… Bu adı çəkərkən insanın ağlına gələn ilk düşüncə ululuq, müqəddəslik və qəhrəmanlıq məfhumlarıdır. Məhz bu amillər qədim Naxçıvan torpağının böyüklüyünü, nəhəngliyini tarixlər boyu sübuta yetirib. Əsrlərdən gələn həmin rəmzlər eyni zamanda, bu torpağın hansı gərdişlərdən, eniş yoxuşlardan keçdiyinin göstəricisidir. Naxçıvanın torpağında, suyunda, havasında, insanlarında – hər bir təbiət damlasında qərinələrə söykənən tarix reallıqları yaşamaqda, yaşadılmaqdadır. Ta Nəşavə, Nəqçuan, Nuhçıxan, Nəqşi-cahan və s. kimi şəcərələrimizdən gələn tarixi adlardan başlayaraq...

Bu tarix və mədəniyyət mərkəzi haqqında bir çox dünya alimləri çoxsaylı rəylər verib, məntiqi və olduqca maraqlı nəticələrə gəliblər. Əgər biz bu gün mənəviyyatımız, dinimiz baxımından mövzuya yanaşarsaq, bütün səmavi dinlərdə əks olunan müqəddəs Əshabi-Kəhfin Naxçıvanda yerləşməsini, Nuh peyğəmbərin gəmisinin bu ərazilərdə olmasını (yəhudi tarixçi-alimi İosif Flauvi Nuh peyğəmbərin gəmisinin dayandığı yer olaraq “Apobaterion” toponimini qeyd edir ki, bu toponim digər tarixi mənbələrdə də bilavasitə Naxçıvana aid olunmaqdadır) növbəti dəfə kəşf etmiş olarıq.

Daha qədim tarixi mənbələrdə, misal üçün, qədim yunan alimi Ptolomeyin gəldiyi nəticələrdən isə görürük ki, Naxçıvan şəhərinin ilk adı Naqsuana adlandırılıb və şəhərin coğrafi mövqeyi müasir Naxçıvanın ərazisi olaraq göstərilir. Belə faktlar və sübutlar kifayət qədərdir, bütün bunlar isə artıq özü-özlüyündə qədim Naxçıvan elinin nə qədər ulu tarixə malik olduğunu yetərincə sübut edir.

Bu torpağa dəfələrlə işğalçıların, yadellilərin hücumlarının baş verməsi də onun nə qədər mühüm coğrafi mövqeyə sahib olmasının göstəricisi kimi qeyd edilə bilər. Xüsusilə, işğalçı erməni köçəri tayfalarının bu torpaqlarda məskunlaşaraq, sonradan ona sahib çıxmaq məqsədləri də qeyd edilən reallıqları əks etdirir. İllər ötdükcə, həmin gerçəklik özünü daha açıq şəkildə göstərib.

Əgər Naxçıvan Muxtar Respublikası elan edilməsəydi...

Ötən əsrin ilk onilliklərindən başlayan keşməkeşli tarixlərinə qədər davam edən proseslər də deməyə əsas verir ki, düşmən gözü daim bu torpaqlarda olub. Əbəs deyil ki, əgər 1920-ci illərdə cərəyan edən proseslər çərçivəsində Naxçıvan muxtar respublika statusunu almasaydı, bu ulu diyarımız da erməni işğalına məruz qala bilərdi. Bu baxımdan, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının elan edilməsi həm də bu torpağın İrəvan, Zəngəzur kimi işğala uğramasının qarşısını almış oldu. Belə ki, buna qədər, yəni 1918-ci ildə yaradılan Araz-Türk Respublikası və 1921-ci ildə imzalanmış Moskva, Qars müqavilələri bu məsələdə öz mühüm rolunu oynadı. Nəticədə, ermənilərin Naxçıvanla bağlı hazırladıqları işğalçılıq planları yerlə-yeksan oldu. Sonrakı proseslərdə Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı adlandırıldı. Real vəziyyətin hüquqi təsdiqi olaraq, 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret elan olundu və bu sənəddə xüsusi bənddə vurğulandı ki, Naxçıvan diyarı Azərbaycanın himayəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilsin. Beləliklə, həmin tarixi sənəd növbəti böyük fəlakətə qarşı keçilməz sədd kimi çəkildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin porseslərlə bağlı kəlamı bu gün də hər bir naxçıvanlının yaddaşında tarixi sözlər olaraq həkk olunub: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Bəli, bu həm də Azərbaycan xalqının iradəsinin və mübarizliyinin göstəricisi olaraq yazılan ümummilli tariximizdir!

Bu gücün, bu qüdrətin əsasında Ulu Öndər Heydər Əliyev qətiyyəti dayanır!

Onu da qeyd etmək yerinə düşərdi ki, işğalçı Ermənistanın Naxçıvana göz dikməsi, çirkin, mənfur xislətini həyata keçirmək istəyi də əbəs deyildi. Çünki “Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan işğalçılar yalnız Naxçıvanla deyil, bütövlükdə Azərbaycan torpaqlarına sahiblənməyi, daha sonra isə sərhədlərin hüdudlarından kənara çıxıb, digər torpaqları ələ keçirməyi qara məqsədlərində planlaşdırmışdılar. Əzəli və əbədi torpaqlarımız olan və bu gün “Ermənistan” adlandırılan Qərbi Azərbaycanımızın, İrəvanımızın dadı erməni işğalçılarının damağında qalmışdı. Görünür, bu gün də işğalçılıq siyasətlərini davam etdirən ermənilər ona görə hazırkı dövrdə belə, Naxçıvandan gözlərini çəkmir, öz məkrli planlarını reallaşdıracaqlarını sanırlar. Ancaq bu planlarını həyata keçirməyə müəssər olmayacaqlarını da anlayırlar. Çünki bu gün onların qarşısında güclü, qüdrətli Azərbaycan dövləti dayanıb. Bu gücə, bu qüdrətə sahib olmaq üçün heç də asan yollar keçilməyib və bu yolun əsasında söz yox ki, Ulu Öndər Heydər Əliyev qətiyyəti, dönməz iradəsi, sarsılmaz gücü dayanıb. Artıq 95 yaşını qeyd edən qədim Naxçıvan torpağı elə nəhəng inkişaf və tərəqqi yolu keçib ki, Muxtar Respublika olaraq, xarici əlaqələrini qurmaqdan başlayaraq, iqtisadiyyat, sosial, mədəniyyət, ordu quruculuğu və s. sahələrdə uğurlar qazanıb və bu gün də qazanmaqdadır.

Beləliklə, Naxçıvanın muxtariyyət statusu ötən 95 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşdu. Ötən əsrin 1969-1987-ci illərində Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi, iri sənaye müəssisələri tikilib istifadəyə verildi, muxtar respublikanın müasirləşdirilməsi istiqamətində önəmli işlər həyata keçirildi, yeni yaşayış massivləri salındı, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastrukturu yeniləndi, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldıldı. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvanın gələcəyinə hesablanmış uzaqgörən siyasətinin bir hissəsi idi. Ancaq buna qədər daha çətin və məşəqqətli sınaqlar qarşıda dayanmışdı…

Naxçıvanı çətin vəziyyətdən çıxarmaq və inkişaf strategiyasını müəyyən etmək lazım idi – Heydər Əliyev qarşıya qoyulan bütün məqsədləri gerçəkliyə çevirdi

1990-cı ilin iyul ayında Dahi Şəxsiyyət Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, siyasi fəaliyyətini burada göstərməsi muxtar respublikanın üzləşə biləcəyi ən ağır problemlərdən xilas etdi. Hətta Onun xarici ölkələrlə təmaslar qurması böyük tarixi hadisəyə çevrildi. Artıq beynəlxalq aləm Naxçıvanın qarşılaşdığı kəskin problemlərdən məlumatlı idi. Dünyanın bir sıra aparıcı KİV-lərində Naxçıvanla bağlı reportajlar, məlumatlar diqqət mərkəzində saxlanılmağa başlandı. Ağır müharibə və blokada şəraitində işğalçılarla mübarizə aparan naxçıvanlıların bütün ümidləri Ulu Öndər Heydər Əliyevə bağlı idi. Belə ki, O, Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər edərək, müqavilələr imzaladı, xüsusilə, qardaş Türkiyənin dövlət rəhbərləri ilə Qars müqaviləsi və onun şərtləri ətrafında müzakirələr apardı. Nəticədə Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə qorundu.

O cümlədən, Sədərəkdə və s. rayonlarda açılmış ön cəbhələrdə mövcud olan ağır böhranın aradan qaldırılması üçün Heydər Əliyevin bir telefon zəngi ilə ABŞ-dan humanitar yardım təyyarəsi Naxçıvana endi. Bu humanitar yardımdan sonra digər ölkələrdən, o cümlədən, BMT xətti ilə yardımlar gəlməyə başladı. Əlbəttə ki, bütün bunların arxasında Heydər Əliyevə olan dünya rəğbəti, Onun ən mötəbər siyasi lider kimi tanınması gerçəkliyi dayanırdı.

Lakin Heydər Əliyev yalnız Naxçıvanı deyil, bütün Azərbaycanı düşünür, xilas yollarını axtarırdı. Qonşu İran İslam Respublikası və qardaş Türkiyə ilə körpülərin açılışı, bu körpülərin həyatvericilik əhəmiyyəti hər bir Naxçıvan sakinində rahatlıq yaratdı. Artıq mövcud və həll olunmayacaq qədər görünən problemlər aradan qaldırılırdı və Heydər Əliyev Dühası xalq üçün daha böyük işlər görməyə hesablanmış müdrik siyasətini yürüdürdü. Naxçıvanı çətin vəziyyətdən çıxarmaq və inkişaf strategiyasını müəyyən etmək lazım idi – Heydər Əliyev qarşıya qoyulan bütün məqsədləri gerçəkliyə çevirdi.

Beləliklə, 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.

Günnüt qələbəsi düşmənin qorxulu röyasına, kabusuna çevrilib

Bu gün Naxçıvan dünyanın ən aparıcı dövlətlərinin əldə etdiyi uğurları yaşayır və əbəs deyil ki, bütün cəhətlərdən tərəqqi yolunu davam etdirir. Belə ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafını daim diqqət mərkəzində saxlayır, hətta blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sürətli və davamlı inkişaf təmin edilir. Dövlətimizin başçısı Naxçıvana etdiyi hər səfərindən sonra mühüm fərmanlar imzalayır ulu diyarın inkişafı üçün lazımi bütün tövsiyə və tapşırıqlarını muxtar respublikanın rəhbərliyinə verir.

Ermənistanın işğalçılıq siyasətinə qarşı Naxçıvanda formalaşdırılmış güclü Ordu və Silahlı Qüvvələrimizin ən müasir standartlara cavab verməsi, zaman-zaman düşmənə ağır zərbələr vurması, işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olan muxtar respublikamızda aparılan ordu quruculuğu Dövlət Proqramının bir hissəsi kimi davam etdirildiyindən müasir tələblərə cavab verir, hərtərəfli qayğı və diqqətlə əhatə olunur. Ordunun dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əmin-amanlığın əsas təminatçısı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun bu istiqamətdə apardığı işlər yüksək nəticələrini verməkdədir. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.

Biz bu gün də fəxrlə xatırlayırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Yaradılan güclü, əzəmətli ordumuz bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəklikləri keçirdiyi əməliyyat nəticəsində öz nəzarətinə keçirdi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağın azad edilməsi, həm də ordumuzun mövqelərini xeyli möhkəmləndirdi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürüldü.

Ordumuzun bu uğurunun əsası isə, 2000-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov kəndinin erməni daşnakları tərəfindən təhlükə yaradan yüksəkliklərinin ordumuzun şücaəti nəticəsində düşmən nəzarətindən geri alınması ilə qoyulmuşdu. Bu uğurlu əməliyyatın davamı kimi Günnüt əməliyyatı düşməni Naxçıvana iddiaları ilə bağlı bir daha düşünməyə vadar etdi.

Artıq əminliklə deyə bilərik ki, Günnüt əməliyyatının uğuru işğal altındakı Qarabağ torpaqlarımızda da davam etdiriləcək. Çünki bütövlükdə Azərbaycanda aparılan ordu quruculuğu yalnız zəfər və qələbələrə hesablanmış mütərəqqi, eləcə də strateji addımlardır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğunun ən yüksək standartlara uyğun aparılması, müdafiə qabiliyyətinin gücü işğalçı düşmənin qorxulu röyasına, kabusuna çevrilib. Söz yox ki, Azərbaycan Ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilib. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.

Naxçıvanlılar muxtariyyətin 95 illik yubileyini fərəh və qürur hissləri ilə qeyd edirlər

Ulu diyarımız Naxçıvan dinamik tərəqqi yolunu ən yüksək templərlə aparmaqdadır. Hazırda da, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, şəhər və kəndlər abadlaşdırılır, yeni yollar, körpülər salınır, məktəblər, xəstəxanalar idman kompleksləri tikilib-istifadəyə verilir. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilir.

Əldə edilən uğurlardan biri də, bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikasının bu gün enerji ixracatçısına çevrilməsi faktorudur. Belə ki, statistik rəqəmlərdən də aşkar etdiyimiz kimi, bu gün ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu məhz muxtar respublikanın payına düşür. O cümlədən, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici kimi dəyərləndirilir.

O cümlədən, ərzaq təhlükəsizliyinin təmin edilməsi hazırda Naxçıvan Muxtar Respublikasında 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi ilə nəticəsini tapıb.

Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub.

Beləliklə, sabitlik və inkişaf müasir və qədimliyin sintezlərini özündə birləşdirən, vəhdət halına gətirən Naxçıvanımızın əsas göstəricisidir. Muxtar respublikada görülən bütün işlərin mərkəzində isə məhz insan amili dayanır. Prezident İlham Əliyevin sosial siyasətin yürüdülməsi faktorunu öz çıxışlarında vurğulaması, insan amilinin prioritet kimi qəbul edildiyini daim diqqətə çatdırması bu siyasətin Naxçıvanda da reallaşdırılmasına münbit şərait yaradıb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin muxtar respublikayla bağlı qəbul etdiyi qərarların hər birində sosial siyasət və insan faktoru nəzərdə tutulub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında”, “Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamların hər birində bu amil öz əksini tapmaqdadır. Bu, həm də son dövrlər aparılan inqilabi islahatların tərkib hissəsi kimi də qiymətləndirilir.

Naxçıvan dünyanın diqqət mərkəzində!

Naxçıvan bu gün dünyanın diqqət mərkəzindədir. Əbəs deyil ki, ulu diyarımız bir sıra beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci ildə isə, Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda "Avropa günləri", Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin edib. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2017 və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə 18 parametr üzrə ən yüksək bal toplayaraq iki dəfə lider olub.

Nəticə olaraq isə, qeyd edə bilərik ki, əldə edilən nailiyyətlərin davamlı olması üçün Naxçıvan diyarında işlər sürətlə davam etdirilir. Sözlərimi isə Ulu Öndərimiz Heydər Əliyevin kəlamları ilə bitirmək istərdim: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

95-ci ildönümün mübarək, doğma və ayrılmaz yurdumuz Ulu Naxçıvan!

Bəhruz QULİYEV
“SƏS” qəzetinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: