Fərqli illər, eyni gün, eyni amal

A- A A+

Tarix bəzən təsadüflərlə deyil, sanki alın yazısının öz möhürü ilə danışır. Fərqli illərdə, amma eyni gündə dünyaya gələn iki igid oğul – eyni amal uğrunda, Vətən yolunda canlarını fəda etdilər.

Cənnət Şəmil oğlu Ağayev 30 sentyabr 1971-ci ildə Qərbi Azərbaycanın – Ermənistanın Yeğeqnodzor rayonunun Gedilvənd kəndində dünyaya göz açıb. Uşaqlıq illərini də həmin kənddə keçirib, birinci sinifdən səkkizinci sinfə qədər burada təhsil alıb. 1988-ci ildə doğma yurdlarından didərgin düşməyə məcbur olublar. Cənnət təhsilini Naxçıvanın Çalxanqala kəndində davam etdirib. Lakin gənclik arzuları yarımçıq qaldı – 1997-ci ilin 23 martında Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

Həsən İbrahim oğlu Quliyev isə 30 sentyabr 1996-cı ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. İlk təhsilini də burada alıb. 2012–2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirib. Hərbi biliklərini döyüş meydanında tətbiq edən Həsən, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Tərtər istiqamətində qəhrəmancasına vuruşub. Sentyabrın 29-da isə müqəddəs şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra bir sıra orden və medallarla təltif olunub, doğma kəndində torpağa tapşırılıb.

Onların həyat yolu – doğumdan şəhidliyə qədər uzanan müqəddəs ömür hekayəsi – vətənpərvərliyin, igidliyin və fədakarlığın təcəssümüdür. Fərqli illərin övladları olsalar da, eyni gün doğulub, eyni amal uğrunda ölümsüzlüyə qovuşdular.

Vətənimizin qəhrəman oğullarının əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: