Onların ömrü qısa, qoyduqları iz isə əbədi oldu. Qəlbləri Vətən sevgisi ilə döyünən Kazım Məmmədov və İmamverdi Əliyev Azərbaycanın azadlığı uğrunda həyatlarının ən gözəl illərini fəda etdilər. Hər ikisi ölümlərin ən şərəflisi olan şəhidlik zirvəsinə yüksələrək xalqımızın qürur simvollarına çevrildilər.
Kazım Məmmədov – Böyük Mərcanlının igid oğlu
Kazım Ərşad oğlu Məmmədov 1 oktyabr 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya gəlib. 1976–1986-cı illərdə doğma kəndində təhsil alıb, 1988-ci ildə hərbi xidmətə çağırılıb. 1990-cı ildə Çelyabinskdə xidmətini başa vuraraq vətənə dönüb.
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərə biganə qalmayan Kazım 1991-ci ildə Cəbrayıl rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb və cəbhəyə yollanıb.
15 noyabr 1991-ci ildə Xocavənd rayonunun Dərəkənd kəndinə hücum zamanı böyük qəhrəmanlıq göstərib. Mövqe tutduğu evə od vurulması nəticəsində şəhid olub. Böyük Mərcanlı kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Kazım Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda onun oxuduğu məktəb qəhrəmanın adını daşıyır.
İmamverdi Əliyev – qanun keşikçisindən Milli Qəhrəmana uzanan yol
İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Xəlfəli kəndində doğulub. 1969-cu ildə kənd orta məktəbini bitirib və sürücülük kursuna qatılıb. 1970–1972-ci illərdə həqiqi hərbi xidmət keçib. Daha sonra daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb, Bakı Maliyyə-Kredit Texnikumunda təhsil alıb.
1980-ci ildən İmişli Rayon Daxili İşlər Şöbəsində zabit kimi fəaliyyət göstərib. Ermənilərin hücumları başlayanda o da silaha sarılaraq döyüşlərdə iştirak edib. Çoxlu sayda düşmən tankını və canlı qüvvəsini məhv edib.
Lakin 15 noyabr 1991-ci ildə qəhrəmancasına şəhid olub. İmişli rayonunda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə İmamverdi Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. İmişlidə onun adına küçə var, Daxili İşlər Şöbəsinin önündə isə büstü ucaldılıb.
Bu iki qəhrəman – Kazım Məmmədov və İmamverdi Əliyev – canlarını Vətən uğrunda fəda etməklə, Azərbaycanın tarixində silinməz iz qoydular. Onların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi