Şəhidlik zirvəsinə yüksələn qəhrəman – Çingiz Babayev

A- A A+

Azərbaycan tarixində elə insanlar var ki, onların adı sadəcə bir insan kimi deyil, bütöv bir xalqın yaddaşına insanlığın rəmzi kimi həkk olunur. Həmin ölməz qəhrəmanlardan biri də Çingiz Adil oğlu Babayevdir.

O, öz ömür işığını minlərlə insanın ömür işığına qurban verdi. 1964-cü ilin 2 oktyabrında Bakıda dünyaya gəlsə də, kökləri Naxçıvana bağlı idi. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil oldu. 1992-ci ildə Vətən ağır günlərindən keçərkən könüllü olaraq ordu sıralarına yazıldı, hərbi hissələrin birində rəis kimi çalışdı.

Lakin onun əsl qəhrəmanlıq dastanı 1995-ci ilin 28 oktyabrında yazıldı. Ulduz və Nərimanov metrostansiyaları arasında hərəkət edən qatarda baş verən yanğın zamanı yüzlərlə insanın həyatını xilas etdi. O, insanları ölümdən qurtarmağı bacardı, amma özünü xilas edə bilmədi. Çingiz Babayevin cənazəsi Bakının Yasamal qəbiristanlığında torpağa tapşırıldı.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 1996-cı il tarixli fərmanı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bu gün Ulduz metrostansiyasında ucaldılmış abidə kompleksi qəhrəmanın ölməz xatirəsini yaşadır.

Çingiz Babayev bir daha sübut etdi ki, qəhrəmanlıq yalnız döyüş meydanında deyil – hər yerdə, ən çətin məqamda insanları xilas edərək də insanlığın zirvəsinə yüksəlmək mümkündür. Onun adı qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: