Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində dünyaya gəlib. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub və 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Sonrakı illərdə Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

1980-1982-ci illərdə hərbi xidmət keçən Əliyar Əliyev idman sahəsində də böyük nailiyyətlər qazanıb. O, dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun yetirmələrindən 8-i respublika və SSRİ çempionu, biri isə Olimpiya yığma komandasında təmsil olunub.

Ermənistanın ölkəmizə qarşı təcavüzünə başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanan Əliyar Əliyev tabor komandiri kimi döyüşlərdə böyük şücaət göstərib, düşmənə ağır zərbələr endirib. 1992-ci ilin payızında o, 40 könüllü döyüşçü ilə Laçının bir sıra kəndlərinin azad edilməsində mühüm rol oynayıb.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində, “Tikanlı zəmi” yüksəkliyi uğrunda olub. O, həmin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Əliyar Əliyevə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Qeyd edək ki, Qubadlı azad olunandan sonra Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa olunub.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: