Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvanpoçt” MMC əhaliyə yüksək səviyyəli xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb.
Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə Naxçıvanpoçt MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatının hazırlanması başa çatdırılıb və fevral ayının 1-dən istifadəyə verilib.
Pensiyasını poçt məntəqəsindən almaq istəyən vətəndaşlar müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər.
Artıq muxtar respublikada avtomatlaşdırılmış qayda ilə pensiya alanların sayı 398 nəfər, məbləği isə 80000 manatdan çoxdur.
Əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.