Dövlət Suverenliyi Günü münasibətilə şəhid əmanətləri üçün Ağbulaq İstirahət Mərkəzində düşərgə təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 4-də “20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvlərinin iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində düşərgə təşkil edilib.
Düşərgənin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətin prioritet məsələlərindən biri olduğunu vurğulayıb. Qeyd edilib ki, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif sosial proqramlar həyata keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, qəhrəman oğullarımızın qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, suverenliyimiz təmin olundu. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı hər zaman şəhidlərini dərin ehtiramla yad edir, onların ailələrinə və müharibə iştirakçılarına yüksək hörmətlə yanaşır.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı kollektivinin təqdim etdiyi V. Qubarevin “Sehirli Yaylıq” adlı tamaşası uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, düşərgə çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, interaktiv proqramlar təşkil olunub və onlara unudulmaz bir gün yaşadılıb.