Naxçıvanda rəhbərlər üçün inkişaf proqramının yeni təlim mövsümünə start verilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsinin təşəbbüsü ilə rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularının peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Rəhbərlər üçün inkişaf proqramı” yeni təlim mövsümünə start verib. Oktyabrın 6-da başlayan və iki ay davam edəcək təlimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarında aparıcı vəzifələrdə çalışan 22 nümayəndə iştirak edir.

Proqram “ASA – Azərbaycan Tədris Akademiyası”nın rəhbəri, ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu İlhamə Novruzovanın təqdimatında keçirilir. Təlim çərçivəsində iştirakçılara idarəetmə mexanizmləri, rəhbərin məsuliyyət sahələri, natiqlik və təqdimat bacarıqları, şəxsi effektivliyin artırılması və komanda işində konstruktiv qərarvermə kimi mövzularda bilik və bacarıqlar aşılanır.

Təlimin ilk günündə idarəetmə üsulları üzrə interaktiv müzakirələr aparılıb, iştirakçılara real iş təcrübələrinə əsaslanan effektiv liderlik nümunələri təqdim edilib. Sessiyada menecer və lider anlayışları arasındakı fərqlər izah olunub, situativ və sistem idarəetmə texnologiyaları üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

İntensiv formatda keçirilən proqram iştirakçıların böyük marağına səbəb olub və rəhbərlik bacarıqlarının daha da inkişafına töhfə vermək məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: