Yol-nəqliyyat hadisələrinin istintaqına prokuror nəzarəti

A- A A+

Bildiyimiz kimi, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələri ilə bağlı istintaq edilən cinayət işləri üzrə şəxsin məsuliyyəti, yəni sürücünün baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmaması məhkəmə-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə müəyyən edilir. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarlarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması zəruridir. Təcrübədə bəzi hallarda verilmiş ekspertiza rəylərində boşluqların olduğu, ekspertlərin qarşıya qoyulan suallara tam cavab vermədikləri, hətta bəzən kifayət qədər əsaslı olmayan və ya şübhə doğuran rəylərin verildiyi hallar müəyyən edilir. Buna baxmayaraq istintaqçılar tərəfindən əlavə və ya təkrar ekspertizaların təyin edilməsi təmin edilmir və bu da öz növbəsində şəxslərin əsassız cinayət məsuliyətinə cəlb edilməsinə gətirib çıxarır. Bu səbəbdən verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin edilməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, yol-nəqliyyat hadisələri ilə bağlı istintaq edilən cinayət işləri üzrə qəbul edilmiş məhkəmə-texniki və ya məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının təyin edilməsi haqqında qərarlarda ekspertlərin qarşısında təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz.

İstintaqçılar nəzərə almalıdırlar ki, baş vermiş yol-nəqliyyat hadisəsində sürücünün və ya sürücülərin, yaxud da piyada və ya piyadaların məsuliyyətinin düzgün müəyyən edilməsi üçün hadisə yerinin baxışının dolğun aparılması mühüm əhəmiyyət kəsb edir. Təcrübədə əsasən hadisə yerlərinin müayinəsində görünüş məsafələrinin, toqquşma nöqtələrinin və yol hərəkətini tənzimləyən nişanların qeyd olunmaması hallarına yol verilir, asfalt yol üzərində avtomobilə məxsus şinlərin səthə sürtünməsi nəticəsində yaranmış tormoz izlərinin uzunluğu və eni ölçülmür, həmçinin nəqliyyat vasitəsinə baxış keçirilmir. Bu da öz növbəsində şəxslərin məsuliyyətinin düzgün müəyyən edilməməsi, əsassız ittihamların verilməsi və hətta məhkəmələrdə bəraət hökmlərinin çıxarılması ilə nəticələnir. Həmçinin təcrübədə bir sıra hallarda məhkəmə-texniki ekspertizasının keçirilməməsinə də rast gəlinir. Nəzərə alınmalıdır ki, məhkəmə-texniki ekspertizasının təyini nəqliyyat vasitəsinin sazlığının müəyyən edilməsi, hər hansı nasazlıq aşkar edildikdə bunun sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmamasına təsiri və həmçinin nəqliyyat vasitəsinin sazlığına cavabdeh şəxslərin məsuliyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malikdir. 

Bütün bunlarla yanaşı nəzərə alınsın ki, CPM-nin 145-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. 

Belə ki, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 12-ci bəndində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılmasının, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi, bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunmasının təmin edilməli olduğu göstərilmişdir.

Qeyd olunanlardan başqa, təcrübədə bir çox hallarda nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması və hadisə nəticəsində vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi təmin edilmir. Azərbaycan Respublikası CPM-nin 128-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən isə maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. Göstərilənlərlə əlaqədar cinayətin törədilmə vasitəsi olan nəqliyyat vasitəsinin maddi sübut hesab edilməsi və məsul saxlanca verilməsi hər bir halda təmin edilməlidir.

Həmçinin baş vermiş hadisə nəticəsində vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün də tədbirlər görülməlidir. Bu məqsədlə iş üzrə müvafiq qərarlarla müəyyən qurum və ya təşkilatlardan mütəxəssislər cəlb edilməli, vurulmuş maddi ziyanın həcmi müəyyən edilməli, bunun əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə maddi ziyanın məbləği dəqiqləşdirilməli və vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddia verildikdə isə ziyanın ödətdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməlidir.

Belə ki, yuxarıda adı qeyd olunan Plenum Qərarının 17-ci bəndində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin və ya bir neçəsinin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına biləcəyi göstərilmişdir.

Həmçinin təcrübədə bütün hallarda təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin surətinin cinayət işinə əlavə edilməsi təmin edilir, lakin əksər hallarda əsli cinayət işinin materiallarına əlavə edilmir. Bununla bağlı Plenum Qərarının 22-ci bəndində CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunduğu, bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əslinin götürülməli və cinayət işinə əlavə edilməli olduğu göstərilmişdir.

Göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası     CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan  nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-in 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər.

Həmçinin CPM-nin 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilərkən barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır. Lakin təcrübədə bəzi hallarda rast gəlinir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin, həmçinin ölmüş təqsirləndirilən (şübhəli), eləcə də təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına istədikləri təqdirdə hüquqi varis hesab oluna biləcəkləri ilə bağlı hüquqlarının olması barədə yazılı məlumatlar verilmir, onlara hüquq və vəzifələri tam və aydın şəkildə izah olunmur, bu da hüquqi varis qismində tanına biləcək şəxsin cinayət prosesində iştiraka vaxtında buraxılmasında, o cümlədən işin obyektiv və tezliklə istintaqının aparılmasında çətinliklərin yaranmasına və əsassız süründürməçilik hallarına gətirib çıxarır, bəzi hallarda isə hüquqi varisin razılığı olmadan cinayət işinin icraatına xitam verilməsi barədə qanunsuz qərar qəbul edilir.

Nəzərə alınmalı hallardan biri də odur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması həmin şəxsin cinayət məsuliyyətinə əsas ola bilməz. Həmçinin, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da, əgər bu pozuntu onun özünə münasibətdə CM-in 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.

Həmçinin, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən pozulması ilə bağlı cinayət işlərinin istintaqı zamanı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əsasən DİN-nin DYP orqanlarının əməkdaşları tərəfindən şəxsin sərxoşluq vəziyyəti xüsusi cihazlardan, yəni alkotester və yaxud narkotesterlərdən istifadə edilməklə yoxlanılır və müəyyən edilir. Lakin şəxs müayinənin nəticəsi ilə razı olmadıqda, yaxud müayinədən imtina etdikdə sərxoşluq halı tibb müəssisəsində müəyyən edilir. Belə olan halda sərxoşluq halının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Lakin bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı təcrübədə qarşıya çıxan və bəzi hallarda aradan qaldırılması mümkün olmayan pozuntulardan biri ondan ibarətdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydaları alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən pozulduqda sərxoşluq halı xüsusi cihazlardan, yəni alkotester və yaxud narkotesterlərdən istifadə edilməklə yoxlanılır və testin nəticəsi ilə kifayətlənilməklə şəxsin vaxtında tibbi müayinədən keçirilməsi təmin edilmir yaxud təyin edilmiş məhkəmə-tibbi eksperti qarşısında qanda alkoqolun konsentrasiyasının miqdarı barədə sual qoyulmur. Belə ki, mövcud qanunvericilikdə qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda şəxsin sərxoşluq vəziyyətində olması hesab edilir. Bu da gələcəkdə məhkəmə prosesi zamanı şəxs alkotester və yaxud narkotesterin nəticəsi ilə razı olmadığı barədə vəsatət qaldırdıqda ittihamın müdafiə olunmasında çətinlik yaradır, hətta bəraət hökmlərinin çıxarılması və cinayət işinin ibtidai istintaqa qaytarılması, əməlin CM-in 263-1-ci maddəsindən 263-cü maddəsinə tövsifi, zərərçəkmiş şəxslə barışıq əldə edildikdə isə cinayət işinin icraatına xitam verilməsi ilə nəticələnir. Qeyd olunan qəbildən cinayət işlərinin istintaqı zamanı göstərilən neqativ halların baş verməməsi üçün xüsusi cihazların nəticəsi ilə kifayətlənilməməli, hər bir halda məhkəmə-tibbi eksperti qarşısında qanda alkoqolun konsentrasiyasının miqdarı barədə sual qoyulmaqla şəxsin dərhal tibbi müayinədən keçirilməsi təmin edilməlidir.

Yuxarıda göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 yanvar 2004-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Əvvəla ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi özü-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlanmasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.

Yol-nəqliyyat hadisəsi iştirakçılarından hər hansı birinin Azərbaycan Republikası CPM-nin 148-ci maddəsinə uyğun olaraq tutulması zəruri hesab edildikdə, həmin şəxsin şübhəli şəxs statusu (CPM-in 90.1.2-ci maddəsi), digər hallarda isə sonradan şübhəli və ya təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid statusu yarana bilər. CPM-in müddəalarına əsasən şübhəli və ya təqsirləndirilən şəxslər, eləcə də şahidlər özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən azaddırlar.

Belə ki, CPM-in 90.9 və 91.7-ci maddələrinə görə şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli (və ya təqsirləndirilən) şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. CPM-in 95.6.4-cü maddəsinə əsasən isə şahid özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququndan istifadə edə bilər.

Qeyd olunanlarla yanaşı yol-nəqliyyat hadisələri ilə bağlı olan cinayət işlərinin istintaqı zamanı “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilən tələblər nəzərə alınmalıdır.

 

Babək rayon prokurorunun müavini

kiçik ədliyyə müşaviri

Nəriman Mustafayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: