Şəhid ailəsinin üzvü və müharibə iştirakçısı olan 27 min 800 nəfər məşğulluq tədbirləri ilə əhatə olunub
Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 27 min 800 nəfər məşğulluq tədbirlərinə cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, onlardan 13 min 300-ü üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 13 min 200-ü isə münasib işlə təmin edilib.
Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından 1300 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.