Azərbaycanın Səhiyyə Nazirliyində Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüş keçirilib. Füzuli şəhərində məscidin təməlqoyma mərasimində iştirak məqsədilə ölkəmizə səfər çərçivəsində keçirilən görüşdə, həmçinin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov iştirak edib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sistemində uğurlu islahatların həyata keçirildiyini vurğulayan nazir infrastruktur layihələri və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Sonda Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Deryageldi Orazov Türkmənistanda Arxadağ şəhərinin qurulması zamanı səhiyyə infrastrukturu ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib və bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək əməkdaşlıq imkanları müzakirə olunub.