Tariximizin ən şanlı səhifələri Vətəninin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın həyat yoludur. Hər bir xalqın yaddaşında igidlərin doğum və şəhidlik günləri sadəcə təqvimdə bir tarix deyil, millətin varlığının və qürurunun simvoludur. 8 oktyabr tarixi də belə unudulmaz günlərdən biridir.
Məhz bu tarixdə Azərbaycanın iki qəhrəman oğlu – Elşad Hüseynov və Kamil Nəsibov dünyaya göz açıblar.
Elşad Hüseynov 8 oktyabr tarixində Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada orta məktəbi bitirib, daha sonra sovxozda çalışıb. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Bakı şəhərində Daxili İşlər Nazirliyində milis nəfəri kimi fəaliyyət göstərib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda o da minlərlə igid vətənpərvər kimi döyüş meydanına yollanıb. 1992-ci ilin 15 iyununda Ağdamın Fərrux kəndi istiqamətində gedən ağır döyüşlərdə göstərdiyi igidlik və şücaət nəticəsində qəhrəmancasına şəhid olub. O, doğulduğu Masallı rayonunun Xıl kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Elşad Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Kamil Nəsibov isə 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə Minkənd kənd orta məktəbini bitirib və hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Laçın rayonuna hücumu zamanı o, doğma torpağının müdafiəsinə qalxaraq özünümüdafiə dəstəsi yaradıb. Azsaylı və zəif silahlanmış bu dəstə Kamil Nəsibovun rəhbərliyi ilə düşmənə qarşı böyük cəsarət və fədakarlıqla döyüşüb. 1992-ci ilin 29 iyununda Laçın uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olub. O, Ağcabədi rayonunda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Kamil Nəsibova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bu gün onların adları məktəblərə, küçələrə verilir, xatirələri büstlərdə və abidələrdə əbədiləşdirilir. Onlar Vətən uğrunda canından keçən igidliyin, milli ruhun və qürurun simvoluna çevriliblər.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi