Bağça rəhbərləri üçün əməyin mühafizəsi və iş yerlərinin attestasiyası mövzusunda təlim keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabr 7-də "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbər və əməkdaşları üçün “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi bağçalarda əməyin mühafizəsi sisteminin daha səmərəli təşkili, işçilərin təhlükəsiz iş mühitinin təmin edilməsi və iş yerlərində attestasiyanın düzgün aparılması ilə bağlı bilik və bacarıqların artırılması olub.
Ümumilikdə 43 nümayəndənin iştirak etdiyi tədbirdə əməyin mühafizəsi sahəsində mövcud qaydalar, təhlükəsizlik standartları və ilk yardım tədbirləri barədə ətraflı məlumat verilib.
Təlimdə çıxış edən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov ümumi təhlükəsizlik qaydaları haqqında danışaraq, hər bir müəssisədə əməyin mühafizəsinin işçilərin sağlamlığı və təhlükəsizliyi baxımından prioritet məsələ olduğunu vurğulayıb.
Filialın əməkdaşı Mahmud Rzalı isə texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ofis mühitində rast gəlinə biləcək risklərin qarşısının alınması istiqamətində praktik tövsiyələr təqdim edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli rəhbər şəxslərin işçiləri əməyin mühafizəsi qaydaları barədə düzgün şəkildə təlimatlandırmasının vacibliyini qeyd edib, eləcə də icbari siğorta haqqında qanununla bağlı iştirakçılara geniş məlumat verib.
Tədbirin sonunda iştirakçılar təqdim olunan məlumatların iş prosesində tətbiqi və təhlükəsiz əmək mühitinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.