Ölkənin bir neçə rayonunu təmsil edən məktəblilər Naxçıvana gəliblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib. Bu tur-aksiyalarda sınaqlarda yüksək bal toplayan şagirdlər, aztəminatlı ailələrin uşaqları iştirak edirlər. Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərini əhatə edən aksiya çərçivəsində ölkənin müxtəlif rayonlarından olan 162 şagird Naxçıvanda olub.
Naxçıvan istiqaməti üzrə səfər edən tur-aksiya iştirakçılarını Naxçıvan Beynəlxalq Hava Limanında aidiyyətı qurumların əməkdaşları qarşılayıb.Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki “Nəqşicahan” restoranında nahar ediblər. Burada milli mətbəximizin nümunələri onlara təqdim olunub. Nahardan sonra aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Bildirilib ki, bu il muzeyin 20 illik yubileyi qeyd edilir. Muzeydə dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar şagirdlərin marağına səbəb olub.
Aksiya iştirakçılarının növbəti dayanacağı Naxçıvan Dövlət Xalça muzeyi olub. Burada onlara müfəssəl məlumat verilib. Bildirilib ki, muzeydə Naxçıvan qrupuna aid xalçalar nümayiş etdirilir. Şagirdlər muzeydə xalçanın toxunması və texnologiyası ilə əyani şəkildə tanış olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən ötən il muzeyə hədiyyə edilən 20-ci əsrə aid keçə xüsusi maraq doğurub.
Tur-aksiya iştirakçıları proqrama uyğun olaraq Naxçıvanda bu günədək qorunub saxlanılan Möminə Xatın, Xan sarayı, Gülüstan, Qarabağlar türbələri, Ağbulaq istirahət mərkəzi, Əlincə qalası, Batabat, Duzdağ və digər qədim abidələr, təhsil və mədəniyyət obyektləri ilə tanış olacaqlar.
Həmin gün 160 naxçıvanlı şagird isə Bakıya yola düşüb.
Turab Hacızadə