Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də Yunis Əsgər oğlu Əliyevdir. O, 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya gəlib.
1978-ci ildə orta təhsilini doğma kəndində başa vuran Yunis Əliyev, daha sonra Dəliməmmədli şəhərindəki texniki-peşə məktəbində mexanizator ixtisasına yiyələnib. Hərbi xidmətini Tacikistanda keçib.
1992-ci ildə Ermənistanla müharibə başlayanda Yunis Əliyev ön cəbhəyə yollanıb. O, Goranboy batalyonunun tərkibində döyüşlərə qatılıb və xüsusilə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə böyük igidlik göstərib. Talış kəndinin erməni silahlı birləşmələrindən azad olunması üçün həyata keçirilən “Yaltaxıl əməliyyatı”nda fəal iştirak edib.
4 may 1992-ci ildə aparılan əməliyyat zamanı düşmən mövqelərinə ağır zərbə endirilib. Lakin həmin gün ermənilərin qəfil hücumu nəticəsində Yunis Əliyev və silahdaşları qəhrəmancasına döyüşərək şəhid olublar. Onun nəşi yalnız 43 gün sonra — Talış kəndi azad edildikdən sonra tapılıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bu gün Goranboy rayonunda onun adını daşıyan uşaq bağçası fəaliyyət göstərir, xatirəsinə büst ucaldılıb. Yunis Əliyev kimi igidlərin sayəsində bu gün biz azad və rahat yaşayırıq.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi