“Sahibkar çətiri” Babək rayonunda - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Sahibkar çətiri” layihəsinin növbəti mərhələsi Babək rayonunda keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu və Bank Respublikanın birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən “Sahibkar Çətiri” layihəsi çərçivəsində növbəti tədbirlər Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində keçirilib.
Tədbir zamanı sahibkarların müraciətləri həm fond, həm bank əməkdaşları tərəfindən qeydə alınıb, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları izah edilib, onlara maarifləndirici bukletlər təqdim olunub.
Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması, onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.
Layihə sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.