Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür

A- A A+

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür.

XX əsrin 30-cu illərinin sonunda günahsız yerə repressiya qurbanı olan şairin vəfatından 88 il ötsə də, xalqımız onu heç vaxt unutmur. Əhməd Cavad Azərbaycan ədəbiyyatında və milli düşüncə tarixində öz imzasını qızıl hərflərlə yazmış şəxsiyyətlərdəndir.

2022-ci ildə Prezidentin Sərəncamı ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilib.

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində doğulub. Atası Məmmədəli axund idi. Ailədə Cavadxana böyük hörmətlə yanaşılırdı və məhz bu ehtiramın göstəricisi olaraq ata, oğluna Cavad adını verib. Beş yaşında atasını itirən Cavad ilk təhsilini molla məktəbində, daha sonra isə Gəncədəki Müsəlman Ruhani Seminariyasında alıb.

1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə dərs deyib. Birinci Dünya müharibəsi illərində cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü və sədr müavini kimi fəaliyyət göstərib.

Müharibədən sonra o, həm müəllimlik, həm də yaradıcılıqla məşğul olub, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib. Xalq Cümhuriyyəti dövründə yazdığı əsərlərlə milli azadlıq ideyalarını tərənnüm edən Əhməd Cavad, dövlət himnimizin sözlərinin müəllifidir.

1920-ci ildən sonra təqiblərə məruz qalan şair dəfələrlə həbs edilib. Onun “Göygöl” şeiri milli ruhuna görə bədxahlarının diqqətini çəkmiş və bu əsər ona qarşı yeni ittihamların səbəbi olmuşdu.

1937-ci ilin iyununda Əhməd Cavad H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə birlikdə həbs edilib. Oktyabrın 12-dən 13-nə keçən gecə, cəmi 15 dəqiqəlik məhkəmə iclasından sonra güllələnib. Onun həyat yoldaşı Şükriyyə xanım da “xalq düşməninin arvadı” damğası ilə uşaqları ilə birlikdə sürgünə göndərilib. Ailə yalnız 1955-ci ildə bəraət alıb.

1958-ci ildən etibarən Əhməd Cavadın yaradıcılığı yenidən oxuculara qaytarılıb. “Şeirlər” (1958), “Sən ağlama, mən ağlaram” (1961) kimi kitabları çap olunub, eləcə də Şekspirin, Rable və Rustavelinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Əhməd Cavadın əsərləri dövlət varidatı elan olunub.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda canından keçən, “xalq düşməni” damğası ilə qətlə yetirilən, lakin zamanla xalqının qəhrəmanı kimi tarixin səhnəsinə qayıdan Əhməd Cavad bu gün də milli ruhun, azadlıq eşqinin simvolu kimi xatırlanır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: