Naxçıvanda bu ilin 9 ayında 51 qeyri-yaşayış təyinatlı obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib - FOTOLAR

A- A A+

Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla maarifləndirici görüş keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanının icrası istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd olunub ki, Fərmana uyğun olaraq Xidmət tərəfindən muxtar respublikada müraciət əsasında istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin verilməsi davam etdirilir. Cari ilin 9 ayı ərzində 51 qeyri-yaşayış təyinatlı obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.

Diqqətə çatdırılıb ki, tikinti obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə verilməsi üçün müraciət müddəti 2026-cı il yanvarın 1-də başa çatır. Sahibkarlıq subyektləri mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinə başlamaq üçün müəyyən edilmiş müddət ərzində aidiyyəti üzrə müraciət etməlidirlər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov sahibkarlar tərəfindən müraciət edilməsi qaydasını və istismara icazə verilməsi prosesinin mərhələlərini iştirakçılara ətraflı izah edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Tural Rüstəmli bildirib ki, komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində aparılmış müayinənin nəticələrinə əsasən tikinti obyektinin istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün göndərir. Müvafiq sənədlər əsasında qeyri-yaşayış obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınır və beləliklə hüquq sahibinə çıxarış verilir.

Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, muxtar respublikanın bir sıra rayonlarında sahibkarlarla belə maarifləndirici görüşlərin təşkili nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: