Şöbə müdiri: Bu il Bənəniyar Su Anbarına cəmi 1,33 milyon kubmetr su daxil olub

A- A A+

Bənəniyar Su Anbarına bu il cəmi 1,33 milyon kubmetr su daxil olub, 5,92 milyon kubmetr çıxış edib.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası (MR) Culfa Su Meliorasiya Sistemləri İstismarı şöbəsinin müdiri Yaqub Məmmədov deyib.

Onun sözlərinə görə, anbarın ümumi sahəsi 160 hektardır və ərazidə ayrı-ayrı adacıqlar mövcuddur:

"Bu il havaların kəskin quraq keçməsi və yağıntı miqdarının az olması nəticəsində sututarlarında kifayət qədər su toplanmayıb. Konkret desək, Bənəniyar Su Anbarına cəmi 1 milyon 330 min kubmetr su daxil olub, 5 milyon 920 min kubmetr isə çıxış edib.

Nəticədə suyun səviyyəsinin kəskin azalması səbəbindən adacıqlarla gölün əsas hissəsi arasında əlaqə kəsilib, bu da bəzi balıqların oksigen çatışmazlığından tələf olmasına səbəb olub. Hazırda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də ADSEA-nın tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları ərazidədir. Onlar balıqları xilas edərək gölün əsas hissəsinə köçürürlər".

Y.Məmmədov adiyyəti qurum tərəfindən anbardan su nümunələrinin götürüldüyünü, laboratoriyada müvafiq analizlərin aparılacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: