Naxçıvanda Dövlət Proqramının icrası çərçivəsində yeni Hemodializ Mərkəzi istifadəyə verilib, Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilib - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi yaradılıb.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Hemodializ Mərkəzində yaradılan şəraitlə tanış olub.
Binanın foyesində Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov məlumat verib ki, hemodializ xidməti əvvəllər Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Sağlamlıq Mərkəzi və onun nəzdindəki şöbələrdə fəaliyyət göstərirdi. Bu da xidmətin hamı üçün əlçatanlığına və keyfiyyətinə mənfi təsir edirdi. Yeni yaradılan mərkəz dializ müalicələrinin vahid mərkəzdən idarə olunmasını və xidmətin operativ təşkilinəimkanverir. Növbəti mərhələlərdə muxtar respublikanın digər bölgələrində də vahid mərkəzə tabe olan Hemodializ mərkəzləri istifadəyə veriləcək.
Yeni binada uşaq dializ otağı, 31 çarpayılıq müalicə zalı, intensiv terapiya şöbəsi, reanimasiya, həkim, dərman, laboratoriya və digər otaqlar fəaliyyət göstərir. Mərkəz xidmətin müasir standartlara uyğun təşkili məqsədilə 53 ən son texnologiyaya malik hemodializ aparatı, 68 HD monitorlu, 3 mühərrikli, Wi-Fi və qulaqlıq girişli hemodializ kreslosu ilə təchiz edilib. Bundan başqa, Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında da müvafiq səhiyyə müəssisələrinə yeni alınan hemodializ cihazı və kresloları təhvil verilib.
Qeyd olunub ki, muxtar respublikada 356 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Onlardan 167-si dializ müalicəsi alır. Yaradılan şərait bütün pasientlərin xidmətlərdən vaxtında yararlanmasına imkan verir.
Sonra səlahiyyətli nümayəndəyə Təcili Tibbi Yardım Xidmətinin yeni alınmış və modifikasiya olunmuş ambulansları barədə məlumat verilib.
Bildirilib ki, 69 ambulans vasitəsilə muxtar respublika əhalisinə təcili tibbi yardım xidməti göstərilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq xidmətin maddi-texniki bazası gücləndirilir. Bu məqsədlə 52 yeni təcili tibbi yardım avtomobili alınıb. Onlardan 37-si sadə differensiallı təcili tibbi yardım avtomobili, 5-i boks tipli reanimobil, 5-i perinatal küvəzlə təchiz olunmuş, 5-i isə xüsusi yolsuz ərazilər üçün nəzərdə tutulmuş avtomobillərdir. Yeni avtomobillərin alınması ilə yanaşı, mövcud ambulanslarda xidmətin müasir tələblər səviyyəsində təşkili üçün modifikasiya işləri də aparılıb, avtomobillərin hər biri müasir tələblərə cavab verən 22 adda tibbi avadanlıq və vasitələrlə təchiz edilib. Növbəti mərhələdə daha funksional imkanlara malik, o cümlədən çətin relyefli ərazilərdən xəstələrin daşınması üçün xüsusi dronlarla təchiz edilmiş təcili tibbi yardım avtomobillərinin alınması nəzərdə tutulur. Həmçinin yeni quraşdırılan avadanlıqlardan səmərəli istifadə edilməsi və xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə təcili tibbi yardım briqadaları müvafiq təlimlərə cəlb olunacaq.
Fuad Nəcəfli daha sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəhid ailələrinin və qazilərin sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli dəstək göstərilməsi məqsədilə yaradılmış Psixoloji Sağlamlıq Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, mərkəzdə fərdi, qrup və uşaq terapiyası olmaqla, 3 otaq istifadəyə verilib.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Təbriz Zeynalov yeni xidmət mərkəzini şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirib, yaradılan şəraitə görə minnətdarlıq edib.