Usta təxəyyülündən yaranan əl işləri - FOTOLAR
Dekorativ tətbiqisənətin ən qədim və geniş yayılmış növlərindən biri də taxtadan, bal mumundan, eləcə də müəyyən tikinti materiallarından hazırlanan sənət nümunələridir. Əcdadlarımızın dekorativ tətbiqisənətin ayrı-ayrı sahələri üzrə hazırladıqları sənət nümunələrihal-hazırda muzeylərimizdə qorunub saxlanılır. Sənət nümunələri uzaq keçmişimizdən xəbər verməklə yanaşı, dünənimizdən bu günümüzə bir ərməğandır, desək, heç yanılmarıq. Nə yaxşı ki, bu sənət keçmişimizdə qalmayıb, bu günümüzdə də nəinki yaşlı nəslin nümayəndələri, eləcə də gənclər tərəfindən sevilə-sevilə davam etdirilir. Muxtar respublikamızda milli dəyərlərimizə, xalq sənətkarlığına, adət-ənənələrimizə böyük qiymət verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd peşəkar sənətkarların, həvəskar insanların üzə çıxarılması, onların min bir əziyyətlə, gözlərinin nuru, əllərinin sehri ilə hazırladıqları əl işlərinin ictimaiyyətə çatdırılmasıdır. Eyni zamanda əsrlərlə saxlanıla bilən bu sənət əsərlərini gənc nəslə sevdirmək və bu qədim el sənətinin yaşadılmasına nail olmaqdır. Həmçinin insanların yaddaşlarında milli dəyərlərin və adət-ənənələrin qorunub saxlanılması və formalaşdırılması, gənclərə aşılanması, bacarıqlı sənətkarların özünüməşğulluğunun təmin edilməsi də belə tədbirlərin əsasını təşkil edir.
Rayonumuzda da dekorativ tətbiqisənətlə məşğul olan neçə-neçə bacarıqlı insanlar var ki, onlardan biri də öz əl işləri ilə bir çox sərgilərdə fərqlənən Səxavət Paşayevdir. Yaratdığı əl işləri ilə hər kəsi valeh edən S.Paşayevin sənəti haqqında öyrənmək üçün yolumuzu Külüs kəndinə saldıq. S.Paşayev bu sənət haqqında xeyli maraqlı söhbət etdikdən sonra dedi ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər dekorativ tətbiqi sənətlə məşğul olmurlar. Mən də 30 ildən artıqdır ki, dekorativ tətbiqi sənətlə məşğulam, əsərlərimi əsasən bal mumundan hazırlasam da, ağacoyma, karekum üzərində də hazırladığım əsərlərimin sayı onlarladır. Mənim bu sənətə marağım demək olar ki, gənc yaşlarımdan yaranıb. Bu sənətə könül verdiyim gündən sonra artıq hər gün bu sənətləməşğul oluram. Günün haradan gəlib, hara getdiyindən xəbərim belə olmur. Hər bir işin özünəməxsus çətinlikləri olduğu kimi, bu sənətin də çətinliklərini saymaqla bitməz.
Sənətin çətinliklərindən danışan müsahibimiz vurğuladı ki, maraqlı sənət əsəri hazırlamaq üçün hər birsənətkar öncəmaterialın düzgün seçilməsinə fikir verməli, yaratmaq istədiyisənət əsərinin hazır formasını bir neçə dəfə gözləri önündə canlandırmalıdır. Yüksək səbir, dözüm, istedad, bacarıq, təmkin, böyük zəhmət tələb edən bu işdə əsas odur ki, incəlikləri duyub tətbiq etməyi bacarasan. Bunlar kompleks şəkildə olarsa, gözoxşayan sənət əsərləri yarana bilər. Mən günlərimi, aylarımı, illərimi bu sənətə həsr etməsəm, təxəyyülümdə canlandırdığım sənət əsərini əldə edə bilmərəm. Artıq düzəltmək istədiyim hər hansı bir sənət əsərində təcrübəm sayəsində çətinliklərləqarşılaşmıram. Əl işlərimdə daha çox milli ornamentlərə üstünlük verirəm. Çalışıram ki, hərşey öz təbii görünüşündə görünsün. Bal mumundan hazırladığım arı, arı ailəsi, Şahbuzun simvolu olan Batabat yaylağındakı “Üzən ada”, kaman, tar, tar çalan qız, bir kənd ailəsinin güzgüsü və sair sənət nümunələrim baxanların diqqətini çəkir. Beton materialdan daha çox heyvan və quş nümunələri düzəldirəm. Bunlardan ceyran, dağ keçisi, maral, tutuquşu, leylək və başqaları görənləri heyrətə salır. Çoxları elə başa düşür ki, quruca odun parçasını götürüb, müxtəlif üsullar tətbiq edirsən, olur sənət əsəri.Əsla,bu belə deyil, ağaclarla işləmək olduqca çətindir. Azca səhv etdin qırılır və heç nəyə yaramır. Uzun illərdir ki, ağaclarla işlədiyim üçün onları yaxşı tanıyıram. Hansının nəyə yaradığını düzgün seçə bilirəm. Onu da deyə bilərəmki, ağac kimi “mülayim”, “həssas”, “səxavətli” digər bir material da tapmaq çətindir. Onun üzərində illərin buraxdığı izlərdən belə naxış kimiistifadə etmək olar. Ağacoymada daha çox qoz ağacından istifadə edirəm. İşlətdiyim ağaclar içərisində alma, ərik, dağdağan da üstünlük təşkil edir. Ağacdan hazırladığım stol,stul, güldan, kitab, butalar, mücrü daha maraqlı sənət əsərlərimdəndir. Bu sənətin davamçısı olduğuma sevinirəm. Təmənnasız olaraq kim məndən bu sənətin sirlərini öyrənmək istəyibsə, ona kömək etmişəm. Bu sənətəmaraq göstərənlərə nə isə öyrədəndə özümü xoşbəxtsayıram. Müsahibimiz bir çox əsərlərinin necə hazırlanmasından danışsa da, ən çox üzərində işlədiyi əsər orta məktəbdə oxuyarkən taxtadan hazırladığım kəklik fiquru olmuşdur, deyə qeydetdi. Zaman keçdikcə ondan gözəlsənətkarlıq nümunələri düzəltsəm də, yenə də əsərlərim arasında onun yeri bir ayrıdır. Yeri gəlmişkən xatırlatmaq istərdim ki, əl işləri ilə bağlı sərgilərin keçirilməsi rayonumuza gələn turistlərə, qonaqlara kimliyimizi, sənətimizi, xalqımızın yaradıcılığını və istedadımızı təbliğ etmək baxımından da böyük əhəmiyyət kəsb edir. Onlar alıb apardıqlarısənət əsərlərinə baxdıqca ölkəmizi xoş duyğularla yada salırlar. Muxtar respublikamızda həm milli dəyərlərimizin qorunmasına, istedadlı insanların üzə çıxarılmasına və tanıdılmasına, həm də turistlərin xalqların keçmişindən xəbər verən, milliliyin ifadəsi olan əşyalara, xatirə hədiyyələrinə tələbatın ödənilməsi baxımından görülən işlər təqdirə layiqdir.
“Oğuz səsi” qəzeti