Mərasimlərin təşkilində Naxçıvan modeli

A- A A+

Mədəniyyət geniş məfhum olub hər bir xalqın formalaşdırdığı maddi - mənəvi dəyərlər toplusu hesab edilir.Müasir dövrdə tikinti mədəniyyəti, istehsal mədəniyyəti, istehlak mədəniyyəti ilə bərabər, hər bir xalqın dünyasını dəyişən şəxslər üçün bu və ya digər formada qeyd etdiyi  “hüzn mədəniyyəti” deyilən bir mədəniyyət növü formalaşıb. Son illər Naxçıvanda yas mərasimlərinin təşkili zamanı israfçılığa yol verilməməsi, dini qaydalara riayət edilməsi ölkə səviyyəsində də nümunə hesab olunur.

Yas mərasimlərinin təşkilindəki çətinliklər

Yaxşı xatırlayırıq ki, əvvəllər yas mərasimi yas çadırının gətirilib qurulmasından, sökülüb aparılmasınadək olan mərhələni əhatə edirdi və bu müddətdə kənd camaatı soyuq qış günlərində xeyli əziyyətə qatlaşmalı olurdu. Yaxından-uzaqdan gələn qonaqların qarşılanıb yola salınması isə belə şəraitsiz yerdə utanc verici idi. Qohum-əqrəbadan  yas mərasiminin keçirilməsi üçün toplanılmış  qab-qacağın yuyulub “təhvil verilməsi” də ayrıca bir məşəqqət, hətta bəzilərinin qırılması isə xəcalət idi. İsti yay günlərində istidən, soyuq və yağıntılı yaz-payız-qış mövsümlərində isə soyuq və yağıntının təsirindən dözülməz şəraitdə keçirilən yas mərasimləri doğrudan da “ ölənlə bərabər ölmək” anlamına gəlirdi. 

Yas mərasimlərində ehsan (çay və yemək) ənənələri

Əvvəllər yaşlı-cavan fərq etməz, doğmasını, yaxınını itirmiş şəxslər  yas mərasimi yerinin hazırlanmasını,mərhuma verəcəyi ehsanın xərclərini, yoxsa ailə başçısını , yaxınını itirdikdən sonra ailəsinin necə keçinəcəyini düşündüyü  bir vaxtda “başını itirir” və nə edəcəyini belə fikirləşə bilmirdi.Ona görə də, bu məsələlərin həlli yeni bir mədəniyyətin formalaşmasını zəruri edirdi.Düzdür, ənənənin dəyişdirilməsi, yeni qaydaların tətbiqi hər şeyin yenisinin qəbulu zamanı bəzi xırda-para söz-söhbətə və narazılıqlara səbəb olsa da, sonradan hamının xeyrinə yönəlmiş bu mədəniyyət qəbul edildi və bəyənilərək adət-ənənəyə çevrildi.

Artıq Naxçıvanda bir neçə il bundan əvvəl tətbiq edilən yas mərasimi dövründə çay məclisinin sadəcə limon, çay və qənddən ibarət olması ölkəmizin  hər yerində örnək olaraq qəbul edilir. Ehsan yeməyinin də sadəcə plovdan ibarət olması və ehsan vaxtının  3-4 saatdan bir saatadək qısaldılması xalqın maddi və mənəvi rifahına hesablanmış bir addım idi. Kütləvi ehsanların da bu yolla aradan qaldırılması yeni mədəniyyətin carçısı idi. Axı artıq xərc və artıq əziyyət ölü sahibinin narahatlığı və yersiz qayğısından başqa bir şey deyildi. Əlavə  xərclərin ölüyə heç bir xeyrinin olmadığı halda, dirilərin “ölməsinə” səbəb olmağı gün kimi aydın idi. Bu gün Naxçıvanımızda yaşından, cəmiyyətdəki sosial mövqeyindən, maddi vəziyyətindən asılı olmayaraq hər yas mərasiminin eyni menyu və eyni müddət ərzində keçirilməsi “Yas mərasimi mədəniyyətinin Naxçıvan modeli”niformalaşdırıb.

Qəbristanlıqlardakı səliqə

Qeyd olunan model özlüyündə  qəbristanlıqlarımıza da sirayət etdi və bundan hər kəs yararlandı. İsrafçılığa və dırnaqarası “şöhrətpərəstliyə” qəbiristanlıqlarımızda da son qoyuldu.  Əvvəllər əhalinin qəbir çəpərlərinin arasından keçərək, qəbiristanlığın mərkəzindəki qəbirlərə çatması da müşkül bir iş idi. El adətincə müvafiq günlərdə ( İlaxır çərşənbəsi günü, mərhumun ildönümü  və ya digər günlərdə) “qəbir ziyarəti” adlandırılan ayini yerinə yetirmək xüsusi bacarıq tələb edirdi. İrəli sürülmüş xeyirxah təşəbbüs sayəsində ötən illərdə qəbiristanlıqlarımız lüzumsuz dəmir şəbəkələrin, dəb-dəbəli qəbir daşlarının “istila”sından azad olundu.Bu gün qəbiristanlıqlarımızda mərhumun  məzarının  standart ölçüyə malik qəbir daşları ilə “götürülməsi” adəti də formalaşıb.Bu addım da insanları lüzumsuz xərclərdən xilas etdi.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, istər dəfn mərasimi, istərsə də qəbirüstü ziyarət zamanı  qəbiristanlığa gedənlər tərəfindən burada yatan şəhidlərimizin qəbirlərinin əlavə olaraq ziyarət edilməsi qəbiristanlıq mədəniyyətimizin kuliminasiyası hesab edilə bilər. Bu addım vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə göstərilən sonsuz ehtirama dəlalət edir.

Yas mərasimlərinin idarə edilməsindəki üstünlüklər

Bu gün muxtar respublikada yas mərasimlərinin müvafiq Dini Qurumlarla İş üzrə Dövlət Agentliyindən sertifikat almış, təhsilli din xadimləri tərəfindən aparılması da təqdirəlayiq addım kimi qiymətləndirilməlidir.Din xadimlərinin  yas mərasimlərində  İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”-in ayələrini oxuyub, mümkün qədər təfsir verməsi dinimizin öyrənilməsində və təbliğində böyük rol oynayır. İndi savadlı və bacarıqlı  yeni nəsil din xadimlərinin yetişməsində dövlət qayğısı yüksək səviyyədədir. “Naxçıvan” Universitetində “Dinşünaslıq” ixtisasının fəaliyyət göstərməsi bu sahədə  peşəkar kadr hazırlığının aparılmasına töhfə verir. Bu gün din xadimləri xüsusi geyim formaları ilə təmin edilib,dini icmalara xidməti avtomobillər təqdim olunub.Bir sözlə,mərasimlərin dini qaydalara uyğun təşkil edilməsi, dini mövhumatçılıq və xurafata yol açmır, insanlar radikal və dini nifrət yayan cərəyanlardan uzaqdırlar.

Mərasim evləri  Naxçıvan mədəniyyətinin bir parçasına çevrilib

Hazırda muxtar respublikanın hər yerində olduğu kimi Babək rayonun  kəndlərində 20-dən çox  mərasim evi tikilib. Belə mərasim evlərindən ikisi də rayonun böyük kəndlərindən biri olan Cəhri kəndindədir. Mərasim evinin tikilməsi  kənd əhalisinin xeyirxah insanları ilə dövlətin birgə əməyi nəticəsində ərsəyə gəlib. Cəhridə mərasim evinin birincisi 2018-ci ildə əhalinin ixtiyarına verilib. Mərasim evi Cəhrinin birlik, bərabərlik, həmrəylik simvoluna çevrilib. Artıq bu iri yaşayış məntəqəsində ikinci mərasim evinin də tikintisi sürətlə aparılır. Hər iki mərasim evində qadınların və kişilərin ayrıca oturması üçün geniş və işıqlı zallar fəaliyyət göstərir. Mərasim evləri zəruri mətbəx mebelləri və əşyaları ilə təmin olunub.İndi dünyasını dəyişmiş şəxsin yaxınları nə çadır,nə qab-qacaq, nə də hüzr yerində istilik yaratmaq üçün odun-ocaq dalınca qaçmır. Buradakı xidmətlər tam ödənişsizdir. Yəni, bu evlər qazanc yox, xeyirxahlıq, humanistlik, alicənablıq məqsədilə tikilib.

Sevindirici haldır ki, milli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla və  yüksək zövqlə inşa edilmiş mərasim evləri bu gün həm də ümumxalq mərasimlərinin keçirilməsi üçün əlverişli məkandır. Bu il 20 yanvar və Xocalı faciəsinin ildönümü günündə Cəhri kəndindəki mərasim evində şəhidlərimizə ehtiram əlaməti olaraq ehsan süfrəsi açıldı, şəhid qəbirləri ziyarət edildi.

Dini dəyərlərimizin olduğu kimi insanlara çatdırılması bu sahədə əsaslı dönüş yaratdı.İslam dini və müqəddəs kitabımız olan “Quranı-Kərim”də buyurulan əməllərə bir daha sadiqlik nümayiş etdirildi və nəticə etibarilə bu tədbirlər həm də insanları izafi, gərəksiz xərclərdən azad etdi.Bu zəngin dəyərlər sistemi bundan sonra da yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir.

Natiq Məmmədov,

ziyalı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: