Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-sentyabr aylarında 19 milyon 300 min müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 12 milyon 200 min dəfə istifadə olunub, 196 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 9 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 369 milyon olub.