Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 49 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 16, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 15 nəfər aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 15,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana, 4,8 kiloqrama yaxın metamfetamin, həmçinin 1230 ədəd metadon həbi olub.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 13 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 7 tüfəng, 45 patron darağı və 1678 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər də saxlanılıb.