Tur-aksiya iştirakçıları Naxçıvan Dövlət Universitetində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 17-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Dövlət Universiteti (NDU) ilə də yaxından tanış olublar. Konservatoriya binasında şagirdlərlə görüş zamanı universitetin tərdis və tərbiyəvi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda ali təhsil ocağında 12 fakültədə 60 ixtisas üzrə 6 minə yaxın tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistratura, doktorantura və rezidentura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu gün dünyanın müxtəlif ölkələrindən 400-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, universitet klinikası, baytarlıq klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, müasirtipli tələbə evi yerləşir. Universitetdə 3 internet mərkəzi, “Qeyrət” nəşriyyatı, Media mərkəzi, televiziya studiyası (UTV), “Nuhçıxan radiosu” və bir neçə muzey fəaliyyət göstərir, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti buraxılır. “Elmi əsərlər” jurnalı Prezident yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib və beynəlxalq kod alıb. Burada ən yüksək Wİ-Fİ campus internet şəbəkəsindən istifadə olunur.

Diqqətə çatdırılıb ki, NDU iki dəfə - 2015 və 2017-ci illərdə yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan Respublikasının ali məktəblərinin reytinq cədvəlində birinci yerə layiq görülüb. Ölkəmizin ali təhsil müssisələri arasında ilk dəfə NDU-da Distant Təhsil Mərkəzi istifadəyə verilib.

Sonra şagirdlər NDU-nun tanıtma filmini izləyib, konservatoriyanın foyesində universitetin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Daha sonra universitetin kampusu ilə tanışlıq olub.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin digər duz şaxtalarından üstünlüyü şaxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma, bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur.

Axşam “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: