Azərbaycan tarixində vətən uğrunda canını fəda edən qəhrəmanlar daim hörmət və ehtiramla yad edilir. Bu qəhrəmanlardan ikisi də Elton İsgəndərov və Ruslan Polovinkodur. Onlar öz cəsarətləri və fədakarlıqları ilə xalqımızın qəlbində əbədi yaşayırlar.
Elton Xaləddin oğlu İsgəndərov 21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 1996–2007-ci illərdə həmin kənddə təhsil alıb. 2008-ci ildə hərbi xidmətə çağırılan Elton İsgəndərov 2009-cu il iyunun 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında sərhəd pozucularına qarşı döyüşdə qəhrəmancasına həlak olub. O, sərhədçilərin üzərinə atılan qumbaranı öz bədəni ilə örtərək yoldaşlarının həyatını xilas edib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı Fərmanı ilə Elton Xaləddin oğlu İsgəndərov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ruslan Aleksandroviç Polovinko 21 oktyabr 1969-cu ildə Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində anadan olub. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub, 1991-ci ildən isə Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Qarabağ müharibəsində, xüsusilə Qubadlı, Laçın və Ağdərə istiqamətlərində Mi-24 vertolyotu ilə həyata keçirdiyi döyüş əməliyyatlarında böyük qəhrəmanlıq göstərib. 6 avqust 1992-ci ildə döyüş zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 14 sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Ruslan Polovinko ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, doğulduğu şəhərdə dəfn olunub.
Hər iki qəhrəmanımızın fədakarlığı, cəsarəti və Vətənə sədaqəti xalqımız üçün daim örnəkdir. Onların doğum günləri və qəhrəmanlıq dastanları hər il dərin hörmət və ehtiramla xatırlanır.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi