Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin xalqlarının tarixi, dini, mədəni və dostluq əlaqələrinə malik olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iki ölkə arasında qarşılıqlı dəstək və həmrəyliyin mövcudluğunu bildirib.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində, əmək və məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrinin aparılmasında əhəmiyyəti vurğulanıb.
Ölkəmizdə son illər əmək sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün mühüm potensialın olduğu qeyd edilib.
Əhməd Metani ölkəsi ilə Azərbaycan arasında dostluq, həmrəylik münasibətlərinin olduğunu və daim inkişaf etdiyini, əmək sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Həmin sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.