Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirən sürücü saxlanılıb

A- A A+

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı 7 kiloqram 930 qram narkotik vasitə və 6 min ədəd psixotrop tərkibli həbin Bakı şəhəri ərazisində satışının qarşısı alınıb.

Bu barədə NUHÇIXAN-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb.Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4 min ədəd metadon həbi aşkarlanıb. Həmçinin M.Quliyevin idarə etdiyi “Mercedes” markalı iritutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2 min ədəd metadon həbi tapılaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İranın Aslandüz şəhəri ərazisində “İkram” adlı şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Törətdiyi cinayət əməllərinə görə həbs edilən M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: