Naxçıvan Təlim Mərkəzi Ofis Proqramları üzrə yeni təlim mövsümünə başlayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi Ofis Proqramları üzrə peşəkar təlimlərin yeni mövsümünə start verib. Dövlət qurumlarında çalışan əməkdaşların rəqəmsal bacarıqlarının artırılması və müasir iş mühitinə uyğun biliklərin təkmilləşdirilməsi məqsədilə təşkil olunan bu təlimdə ümumilikdə dövlət qurumlarında çalışan 14 nümayəndə iştirak edir.
Təlimin ilk sessiyası oktyabrın 17-də İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilib. Sessiyada təcrübəli təlimçi Qönçə İsmayılova iştirakçılara "Microsoft Office" proqramları ilə bağlı ilkin bilgilər təqdim edib və daha sonra iştirakçıların praktiki bacarıqlarının formalaşdırılması istiqamətində interaktiv tapşırıqlar yerinə yetirilib.
Təlim proqramı çərçivəsində iştirakçılara Word, Excel, PowerPoint proqramlarının səmərəli istifadəsi, hesabatların hazırlanması və məlumatların təhlili, peşəkar təqdimat bacarıqlarının inkişafı, sənəd tərtibatı və ofis etikası qaydaları kimi mövzularda bilik və bacarıqlar aşılanacaq. İki ay davam edəcək bu təlimlər əməkdaşların gündəlik iş proseslərini daha səmərəli idarə etmələrinə, hesabatların, təqdimatların və sənədlərin hazırlanmasında peşəkarlığın artırılmasına xidmət edir.
Naxçıvan Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu təşəbbüs dövlət sektorunda rəqəmsal transformasiyanın dəstəklənməsi və insan resurslarının inkişafına yönəlib.