Şərurda əməyin mühafizəsi üzrə təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 16-da “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Şərur rayonunda əməyin mühafizəsi üzrə maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi regionda təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasına dəstək göstərmək, həmçinin əməkdaşların bu sahədə bilik və bacarıqlarını artırmaq olub. Tədbirdə çıxış edən “Əməyin mühafizəsi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əmək təhlükəsizliyinin təmin edilməsində həyata keçirilən tədbirlər, əməyin mühafizəsi üzrə mövcud normativ tələblər və təhlükəsizlik qaydalarının əhəmiyyəti barədə məlumat verib. O, müəssisə və təşkilatlarda təhlükəsiz iş şəraitinin yaradılmasının həm işçilərin sağlamlığı, həm də istehsal prosesinin davamlılığı baxımından mühüm rol oynadığını vurğulayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli çıxış edərək rəhbər şəxslərin işçiləri əməyin mühafizəsi qaydaları barədə düzgün şəkildə təlimatlandırmasının vacibliyini qeyd edib. O, həmçinin “İcbari sığorta haqqında” Qanunun əsas müddəaları barədə iştirakçılara məlumat verib.

Təlimdə Şərur rayonu üzrə 60-a yaxın məsul əməkdaş iştirak edib. İştirakçılara əməyin mühafizəsi qaydalarının əməli tətbiqi, istehsalatda risklərin azaldılması və əmək intizamının möhkəmləndirilməsi ilə bağlı tövsiyələr çatdırılıb.   

Qeyd edək ki, bu tip maarifləndirici təlimlərin davamlı şəkildə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Təlimlər regionda təhlükəsiz iş mühitinin formalaşdırılması və əməyin mühafizəsi mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: