Oktyabrın 22-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 40, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 tapança, 2 qumbara, 5 tüfəng, 4 patron darağı və 768 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.