“İnnovasiya” üzrə Alt İşçi Qrupunun iclası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “İnnovasiya” üzrə Alt İşçi Qrupunun ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Alt İşçi qrupunun rəhbəri Azər Məmmədrəhimov və Alt İşçi qrupunun üzvləri iştirak ediblər.
Tədbir zamanı 2027–2030-cu illərdə innovasiya sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qrup üzvləri innovasiya ekosisteminin gücləndirilməsi, startapların inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və regionlarda innovativ fəaliyyətin stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.
İştirakçılar, həmçinin rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar üzrə milli potensialın artırılması istiqamətlərində görüləcək işləri müzakirə ediblər.
Qeyd edək ki, “İnnovasiya” üzrə Alt İşçi Qrupu cənab Prezidentin müvafiq Sərəncamına əsasən 2027–2030-cu illər üçün Strategiyanın hazırlanması çərçivəsində yaradılıb və əsas məqsədi innovasiya sahəsində inkişaf prioritetlərini və strateji hədəfləri müəyyənləşdirməkvə bu sahəyə dair təkliflər hazırlamaqdır.
İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət planı və növbəti görüşlərin mövzuları üzrə razılıq əldə olunub.