Eyni gündə doğulan, eyni amal uğrunda şəhid olan qəhrəmanlar

A- A A+

27 oktyabr Azərbaycan tarixində iki igid qəhrəmanın – Rafael Əsədov və İqor Makeyevin doğum günü kimi xatırlanır. Onlar Azərbaycanın azadlığı və torpaqlarının müdafiəsi uğrunda canlarını fəda edərək xalqın qəlbində əbədi yer tutublar.

Rafael Əvəz oğlu Əsədov 27 oktyabr 1952-ci ildə Gəncə şəhərində anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub, daha sonra təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirib. SSRİ ordusunun tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda xidmət edib. 1991-ci ildə vətənə dönərək Ağdam, Goranboy, Tovuz və Gədəbəy istiqamətlərində gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. 12 noyabr 1992-ci ildə Ağstafa istiqamətində döyüş zamanı mərmi qəlpəsi nəticəsində şəhid olub. Ölümündən sonra, 16 sentyabr 1994-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

İqor Vladimiroviç Makayev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində doğulub. 39 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə həqiqi hərbi xidmətə çağırılıb və ölkədəki gərgin vəziyyətlə əlaqədar ön cəbhəyə göndərilib. 1992-ci ilin iyununda Naxçıvanlı kəndi və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. “Vışka” yüksəkliyi uğrunda döyüşdə böyük igidlik göstərərək silahdaşlarını irəli aparıb və düşmənin qüvvələrinə ciddi zərbə endirib. 2 avqust 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli, 290 saylı fərmanı ilə İqor Makayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Gəncənin bu iki igid oğlu – Rafael Əsədov və İqor Makayev – eyni gündə doğulub, eyni amal uğrunda – Vətənin azadlığı və torpaqlarının bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıblar.

 

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: