Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bu gün muxtar respublikada idmanın maddi-texniki bazası möhkəmləndirilib, bu sahənin inkişafı və kütləvi hal alması üçün hər bir şərait yaradılıb.
Muxtar respublikada müasir idman infrastrukturu, o cümlədən Olimpiya-İdman komplekslərinin, idman obyektlərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası işini günün tələblərinə uyğun qurmayaraq, yaradılan şəraitdən, infrastrukturdan düzgün istifadə etməyi bacarmayıb. Atıcılıq Federasiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verdiyi tapşırıqlardan nəticə çıxarmayıb, federasiyanın yığma komandası formalaşdırılmayıb. Hətta yaxşı idmançılar olmasına baxmayaraq onların məşq etməsinə şərait yaradılmayıb, idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub, rayonlarda federasiyanın bölmələri yaradılmayıb.
Atıcılıq Federasiyası təhvil alındıqdan sonra Naxçıvan Atıcılıq Mərkəzində olan inventarlar siyahıya alınıb, onların vəziyyəti yoxlanılıb, bir sıra təmir-bərpa işləri aparılıb. Atıcılıq Mərkəzində fəaliyyət göstərən işçilərin şəxsi işləri hazırlanıb, onlarla yenidən əmək müqaviləsi bağlanılıb və əmək kitabçalarında müvafiq qeydiyyatlar aparılıb.
Sonra Azad Cabbarov Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub və Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.
Yeni seçilən Federasiya sədri çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi idman sahəsində də ardıcıl işlər görülüb. Hazırda muxtar respublikamızda 12 federasiya fəaliyyət göstərir ki, bunlardan biri də Atıcılıq Federasiyasıdır. Federasiyamızın işində nöqsanlar var və bunların aradan qaldırılması üçün var gücümüzlə çalışacağıq. Səhət Həbibbəyli Federasiyanın bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, gənclərin idmana cəlbinə diqqətlə yanaşacağını bildirib. Sonda federasiya sədri yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub, yığıncaq iştirakçıları adından Səhət Həbibbəylini Atıcılıq Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
Rəmzi Tahirli