Novruz bayramı günlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edək

A- A A+

Yurdumuza bahar gəlir - həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi milli adət-ənənələrimizə uyğun olaraq baharın gəlişini - Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır. İqtisadiyyatının gündən-günə inkişaf etdiyi Naxçıvan Muxtar Respublikasının bütün şəhər və kəndləri bu gün bir-birindən rəngarəng bayram tədbirləri ilə Novruzu qeyd etməyə hazırlaşır.

Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayram yalnız və yalnız xoş hisslərlə xatırlansın. Aparılan təhlillər zamanı aydın olur ki, bayram günlərində vətəndaşların adi ehtiyatsızlığı ucbatından yanğınlar baş verir, nəticədə sakinlərə maddi və mənəvi ziyan dəyir.

Novruz bayramı günlərində muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir, bayram tədbirlərinin keçiriləcəyi mədəniyyət müəssisələrində, insanların kütləvi toplaşdığı yerlərdə maarifləndirici söhbətlər aparılır. Bütün bunlara baxmayaraq bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Tonqal yandırarkən onun yeri yanar materiallardan, qaz, elektrik və rabitə xətlərindən, yaşayış evlərindən, yardımçı tikililərdən, eləcə də  ot-saman tayalarından kənarda seçilməlidir. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Çünki ki, zəif bir külək nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün mənbə ola bilər. Ümumiyyətlə, küləkli havada tonqalların qalanması məqsədəuyğun deyil.

Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım saçanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayalarının üzərinə düşə bilər və yanğının baş verməsinə səbəb olar. 

Kənd yerlərində yüksəklik və dağlıq yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yanğın təhlükəsi törədir.

Novruz şənliklərinin keçirildiyi küçə və meydanlarda vətəndaşlar xoşagəlməz hadisələrin baş verməməsi üçün daha da diqqətli olmalıdırlar

Novruz bayramında süfrələrimizin bəzəyi olan xoncalarda şam yandırılarkən yanar şamı öz ərintisi ilə masa, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq  olmaz. Çünki nəzarətsiz qalan yanar şam yanğının baş vüeməsinə səbəb olar.

Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görməlidirlər. 

Novruz şənliklərində xoşagəlməz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməli, yanğın hadisələri ilə üzləşdikdə isə dərhal  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya “101” xidmətinə məlumat vermək lazımdır.

Novruz bayramınız mübarək!

 

Əbülfəz Qafarov

Naxçıvan Muxtar Respublikası,

 Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: