Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəfael Sultan oğlu Abbasov oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
NUHÇIXAN xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Rəfael Abbasov 1975-ci il iyulun 25-də Ermənistanın Amasiya rayonunun Mağaracıq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Rəfael Abbasov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.
