Naxçıvanda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat xidmətlərinin əhatə dairəsi genişləndirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsallaşma prosesi sürətlə inkişaf edir.
Muxtar Respublika Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2025-ci ilin yanvar–sentyabr ayları ərzində bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub.
Elektron xidmətlərin tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların DOST mərkəzlərinin bütün xidmətlərinə əlçatanlığı, habelə “142” Çağrı Mərkəzinə müraciət imkanları təmin edilib. Elektron xidmətlər vasitəsilə vətəndaşlar sosial təminat, məşğulluq, əmək münasibətləri və reabilitasiya ilə bağlı müraciətlərini daha sürətli və şəffaf formada reallaşdıra bilirlər.
Cari ilin 9 ayında altsistem üzərindən verilən göndərişlər əsasında 1 929 nəfər işlə təmin olunub. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına 817 nəfər cəlb olunub. Ümumi təhsil müəssisələrində əmək bazarının tələbləri, peşə seçimi və ixtisas istiqamətləri barədə 1 684 şagirdə peşəyönümlü məsləhət xidmətləri göstərilib.
Muxtar Respublikada dövlət orqanları, dövlət müəssisələri və publik hüquqi şəxslər üzrə əmək müqavilələrinin elektron formaya keçirilməsi 100 faiz təmin edilib. Ümumilikdə 51 934 aktiv əmək müqaviləsindən 51 602-si (99,4 faiz) elektron qaydada imzalanıb.
İmtiyazlı şəxslərə sanatoriya və istirahət evlərinə 217 yollayış təqdim olunub, əlilliyi olan şəxslərə isə 18 511 unikal reabilitasiya xidməti göstərilib.
Ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində 2 605 aztəminatlı ailə (11 598 nəfər ailə üzvü) sosial dəstəklə əhatə olunub. Bu məqsədlə ümumilikdə 10 milyon 441 min 189 manat vəsait ödənilib.
Ötən müddət ərzində 4 321 ailənin 16 447 ailə üzvünün mənzil-məişət şəraiti yoxlanılıb və aparılan təhlillər nəticəsində ehtiyacı müəyyən edilmiş 3 882 nəfər sosial müdafiə tədbirlərinə cəlb edilib.