Tur-aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar - FOTOLAR

A- A A+

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 18-də Naxçıvan Muxtar Respublikasına ekskursiya çərçivəsində Kəngərli rayonunun Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində olublar.

NUHÇIXAN xəbər verir ki, burada şagirdlərə kompleks haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiqləyir. Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq, türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Şagirdlər Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə də yaxından tanış olublar.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublika ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlar sırasındadır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.

Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisəsi fəaliyyət göstərir.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tur-aksiya iştirakçılarına Gənclər Mərkəzinin fəaliyyəti, burada təşkil olunan tədbirlər barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığını bildirib, muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan bəhs edib.

Tur-aksiyanın əhəmiyyətini vurğulayan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyaları böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.

Çıxış edənlər tur-aksiya iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.

Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Sonra şagirdlər böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gəliblər. Bildirilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulub. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı Xalq rəssamı Ömər Eldarovdur. Abidənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olub.

Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.

Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.

Maarifləndirici tur-aksiya çərçivəsində bakılı məktəblilərin diqqətinə çatdırılıb ki, beşminillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin, həmçinin respublikamızın Gənclər paytaxtı elan olunmuşdu. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib.

Həmçinin şagirdlərə Azərbaycan Ordusunun Günnüt zəfəri barədə də məlumat verilib. Bildirilib ki, 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi və ətrafdakı mühüm strateji yüksəkliklər, 11 min hektara yaxın ərazi 26 ildən sonra ötən ilin mayında Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə azad olunub. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələnib. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alınıb. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaradıb.

Martın 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan naxçıvanlı məktəblilər də muxtar respublikaya qayıdıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: