Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində dağıntı altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası FHN-in Mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
