Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün büdcə layihəsi müzakirə edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı müşavirə keçirilib.

Bu barədə NUHÇIXAN-a muxtar respublikanın Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, həmçinin regional və beynəlxalq müstəvidə atılan uğurlu addımların yeni reallıqlar yaratdığını və bunun növbəti dövrlərdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirdiyini bildirib. Qeyd edilib ki, muxtar respublika ölkəmizdə müəyyənləşdirilmiş ümumi inkişaf konsepsiyasından kənarda qalmır. Bu çərçivədə dövlət büdcəsi hökumətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində əsas idarəetmə alətidir və büdcənin hazırlanması prosesində səmərəlilik və prioritetlərin düzgün müəyyən edilməsi əsas prinsip kimi qəbul olunmalıdır. Eyni zamanda, büdcənin gəlir mənbələrinin diversifikasiyası, yerli resursların daha səmərəli istifadəsi və fiskal sabitliyin qorunması vacib amildir.

O vurğulayıb ki, 2026-cı il büdcə layihəsində əsas məqsəd iqtisadi artımı stimullaşdırmaq, sosial rifahı yüksəltmək və infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlər həyata keçirməkdir. Diqqətə çatdırılıb ki, qarşıdakı il üçün büdcə siyasəti Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın hədəf və prioritetlərinə tam uyğun şəkildə formalaşdırılmalıdır.

Ceyhun Cəlilov bildirib ki, 2026-cı ilin büdcəsində sosial istiqamətlərin gücləndirilməsi ön planda olacaq. Xüsusilə təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və sosial müdafiə sahələri əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu sahələrdə infrastrukturun təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

Müşavirə zamanı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək büdcə layihəsində planlaşdırılan gəlir və xərclər, əsas investisiya istiqamətləri, iqtisadi sektorlar üzrə prioritetlər barədə geniş məlumat veriblər.

Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Həmçinin muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müşavirənin yekununda Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin Ali Məclisə təqdim edilməsi barədə qərar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: