“Naxçıvan Lift Xidməti”nin əməkdaşları üçün əməyin mühafizəsi təlimi keçirilib - FOTOLAR
İş yerlərində təhlükəsizliyin təmin olunması və əməkdaşların sağlam iş mühitində fəaliyyət göstərməsi məqsədilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialı birgə əməkdaşlıq çərçivəsində daha bir maarifləndirici təlim təşkil edib. NUHÇIXAN xəbər verir ki, oktyabrın 30-da baş tutan növbəti təlim “Naxçıvan Lift Xidməti”nin əməkdaşları üçün keçirilib.
Təlimin əsas məqsədi əmək təhlükəsizliyinə dair biliklərin artırılması, istehsalat mühitində mövcud risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üzrə praktiki bacarıqların inkişaf etdirilməsi olub. Sessiyada ümumilikdə 23 əməkdaş iştirak edib. Təlim zamanı “Əməyin Mühafizəsi Mərkəzi”nin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı əməyin mühafizəsi üzrə mövcud təlimat növləri haqqında təqdimatla çıxış edib, təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini, həmçinin iş şəraitində baş verə biləcək potensial risklərin qarşısının alınması yollarını izah edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli isə əməyin mühafizəsinin əsas prinsipləri, bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.
Təlim interaktiv müzakirə və real situasiyaların təhlili ilə müşayiət olunub. İştirakçılar əməyin mühafizəsi sahəsində biliklərini təkmilləşdirməklə yanaşı, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması istiqamətində yeni praktik vərdişlər də qazanıblar.
Sonda təlim iştirakçıları əldə etdikləri biliklərin gündəlik iş fəaliyyətində təhlükəsizlik mədəniyyətinin güclənməsinə töhfə verəcəyini bildiriblər.
 
                                     
  
					 
					 
					 
					 
					 
					 
					 
					 
					 
					 
					