Çar Rusiyası tərəfindən Naxçıvanda ermənilərin yerləşdirilməsi taktikası

A- A A+

“Tarix bizim üçün təkcə keçmiş deyil, həm də gələcəyə aparan yoldur”.

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri

10 fevral 1828-ci illərdə çar Rusiyası ilə Qacarlar dövləti arasında imzalanan bədnam Türkmənçay müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqları da rus imperiyası tərəfindən işğal olunaraq ləğv edildi. Tarixçilər qeyd edirlər ki, müqavilədən sonra cəmi üç ay ərzində 8 mindən çox erməni ailəsi Qacarlar dövlətindən Araz çayını keçərək torpaqlarımızda məskunlaşdırılmağa başlandı. S.N.Qlinka isə yeni yaradılmış İrəvan vilayətində yerləşdirilənlərin sayının ilkn mərhələdə 10 min nəfər olduğunu göstərir. Tarixi mənbələrə əsasən isə bütövlükdə qısa müddət ərzində, 1828-ci il fevralın 26-dan iyunun 11-dək Qacarlar dövlətindən köçürülən erməni ailələrinin sayı 8249 olmuşdur. Bunlardan 6949 ailə İrəvan və Naxçıvanda yerləşdirilmişdi. 1828-1829-cu illərdə Rusiya-Qacarlar, Rusyia-Osmanlı müharibələrindən sonra Qacarlar dövlətində 23098 nəfər, Osmanlıdan 20324 nəfər olmaqla, cəmi 43422 nəfər erməni köçürülərək keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində məskunlaşdırılmışdı. Sonradan Qacarlar dövlətindən və Osmanlı torpaqlarından yenə də 130 mindən çox erməni İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürüldü. Beləliklə, İrəvan xanlığı ərazisində yaşayan azəbaycanlıların xüsusi çəkisi 77,9 faizdən 46,7 faizə endirildi. S.N.Qlinkanın məlumatına görə, zəbt edilmiş bölgələrə erməni əhalisinin gözlənilməyən axını buğda qıtlığının ortaya çıxmasına səbəb olduğundan, Lazarev köçürülənləri Naxçıvan və İrəvan xanlıqlarından əlavə zəngin taxıl sahələrinə görə daha əlverişli yer olan Qarabağda yerləşdirilməsi üçün əmr aldı.

Köçürmənin məqsədləri isə əsasən yeni işğal edilmiş, əsasən müsəlman əhalisi olan bölgələrdə Rusiyaya sadiq xristian əhali yerləşdirmək, Osmanlı və Qacarlar dövlətinin sərhədlərində insan və hərbi ehtiyat kimi istifadə etmək, regionun demoqrafik quruluşunu dəyişdirərək xristian əhali nüfuzunu möhkəmləndirməkdən ibarət idi.

Köçürmələr zamanı çarizm öz iqtisadi maraqlarını irəli çəkməyi də unutmurdu. İrəvan vilayətinin gəlirlər və xəzinə mülkiyyəti idarəsinin rəhbəri işləmiş İ.Şopen isə qeyd edirdi ki, “bizim hökumətimiz gəlmə ermənilərin yerləşdirilməsi ilə sistemli şəkildə məşğul olur”. Başqa sözlə desək, çarizm ermənilərin harada və necə məskunlaşdırılması işinə diqqətlə yanaşır və bunun öz məqsədinə müvafıq şəkildə həyata keçirilməsinə ciddi nəzarət edirdi.

Köçürülmə Çarın fərmanı ilə yaradılmış xüsusi komitə tərəfindən həyata keçirildi. Köçürülmə işi rus ordusunun polkovniki Lazarevin rəhbərliyi ilə aparılırdı. Köçürülmə işinin qarşısına çıxan çətinliklərdən biri də torpaq məsələsi ilə bağlı idi. Bu vilayətlərdə torpaqların çoxu rus hərbi qulluğunda general-mayor rütbəsi ilə Naxçıvanda naiblik edən Ehsan xana və qohumlarına məxsus idi. Rus xəzinəsinin əlində  3 kənd var idi. Köçkün axını başlayan kimi erməniləri heç bir qanuni əsas olmadan  Naxçıvanda, Qarabağda xan və bəylərin torpaqlarında yerləşdirməyə başladılar. İlk vaxtlar çar məmurları torpaq sahibləri ilə görüşür, sadəcə olaraq yalan işlədir, ermənilərin onların torpaqlarında müvəqqəti yerləşdiyini söyləyirdilər.  Tezliklə Naxçıvan və Qarabağ torpaq sahiblərinə elə divan tutulmağa başlandı ki, ermənilərin əbədi yerləşəcəyindən yaranan qorxu yaddan çıxdı. 

1836-cı ildə Sankt-Peterburqda D. Zubarev tərəfindən hazırlanıb nəşr edilmiş “Rusiyanm Cənubi Qafqazdakı mülklərinin icmalı”nda göstərilir ki, Ordubad dairəsində kişi cinsindən 2157 azərbaycanlı, 787 erməni, 216 nəfər isə Qacarlar dövlətindən köçüriilmüş erməni olmuşdur. Azərbaycana köçürülən 45 min nəfər erməni əhalisinin 1340 nəfəri (266 ailə) Ordubadda, Aşağı və Yuxarı Azada, Derdə, Ələhidə, Bistdə və başqa kəndlərdə yerləşdirilmişdir.

Tarixi sənədlərdə o da qeyd olunur ki, Rusiyaya birləşdirildikdən sonra Naxçıvan xanlığı ərazisində Rusiya Dövlət Senatının 21.03.1828-ci il tarixli qərarı ilə mahal adlanan idarə sistemi saxlanılmışdı. İ.Şopen Naxçıvan mahalının beş əyalətdən ibarət olduğunu göstərir: Əlincəçay, Naxçıvan, Məvazixatun, Xok və Dərələyəz. Ordubad mahalı da eyni sayda əyalətdən təşkil olunmuşdu: Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəb.

1828-ci ilədək əhalisinin 92 faizi azərbaycanlılar olan Naxçıvan əyalətinə təkcə həmin ildə 2551 erməni ailəsi köçürülmüşdü. V.Qriqoryevin məlumatına görə, bunlardan 416 ailə Naxçıvan şəhərinin özündə, 1869 ailə Naxçıvan əyalətində, 266 ailə Ordubad dairəsində məskunlaşdırılmışdı. Naxçıvan əyalətinə köçürülmüş 1869 erməni ailəsinin 1127-i bu əyalətin tabeliyində olan kəndlərdə, 362-i Əlincəçay kəndlərində, 369-u isə Dərələyəz kəndlərində yerləşdirilmişdi. Köçürmələrədək Dərələyəz kəndlərində yaşayan ailələrin hamısı türk-müsəlman ailələri olmuşdur.

İ.Şopen Naxçıvan və Ordubad mahallarında 231 kəndin adını qeyd edir ki, bunların da yalnız 12-də köçürülmələrdən əvvəl ermənilər yaşayırmışlar. Nəzərə alsaq ki, İ.Şopen çar Rusiyasmm məmuru idi və heç bir halda azərbaycanlıların mənafeyinə xidmət edə bilməzdi, erməniləri isə bizim bölgəmizə məhz onun xidmət etdiyi çarizm köçürmüşdür.

Bəli, XIX əsrin birinci yarısı Cənubi Qafqazın siyasi və etnik tarixində dəyişikliklər dövrü hesab olunur. 1828-ci ildə imzalanmış bədnam Türkmənçay müqaviləsi bölgənin siyasi xəritəsini tamamilə dəyişdirdi. Naxçıvan və İrəvan xanlıqları Rusiya imperiyasının tərkibinə qatılmaqla yeni idarə etmə strukturları tətbiq edildi. Bu dövrdə Rusiya imperiyası, həm strateji, həm də demoqrafik məqsədlərlə bölgəyə ermənilərin köçürülməsini həyata keçirdi. Naxçıvan da bu köçürülmənin mərkəzlərindən biri oldu.  Köçürülmə planlı və dövlət dəstəyi ilə həyata keçirilirdi. Köçürülən ermənilərə evlər tikilir, torpaq sahələri ayrılır və vergi güzəştləri tətbiq edilirdi.

Onların köçürülməsi yerlərdə heç də razılıqla qarşılanmırdı. Doğrudur, onların yerləşdirildikləri ərazilərdə ilk dövrlərdə “torpaq sahibi olan müsəlmanların çoxu yaylaqlarda olduğundan başqa dindən olan bu yadelli köçkünlərlə qarşılaşmamaları” səbəbindən ilk vaxtlarda ciddi münaqişələr olmasa da, ümumilikdə proses yerli azərbaycanlı əhali tərəfındən kəskin müqavimətə səbəb olurdu. Mənbələrdə göstərilir ki, çarizmin bu zorakı və mənfur siyasəti Naxçıvanda da narahatlıqla qarşılanmış, əhalinin böyük narazılığına səbəb olmuşdur. Nehrəm kəndinin camaatı buna qəti etiraz etmiş və kəndlərində ermənilərə yer verməmişlər. Nəticədə onların Araz çayı sahilindəki bağ massivləri (kövşənləri) zorla alınaraq ermənilərə verilmiş, orada ermənilər Təzəkənd adlı kənd salıb məskunlaşmışlar. Kəndin yuxarı tərəfındən təqribən 5 km aralı Güznüt kəndi də belə salınmışdır. Eyni narazılıq halları Bənəniyar (Binanigar) kəndində və Naxçıvan şəhərində də olmuşdur.

1914-1918-ci illərdə Şərqi Anadoluda növbəti “erməni planları”nın iflasından sonra onların Qafqaza üçüncü kütləvi köçü başlandı. Mənbələr bu zaman köçənlərin sayının 300-500 min nəfər arasında müxtəlif rəqəmlərlə ifadə edirlər. Onların bir hissəsi 1921-ci ildə də Naxçıvana köçürülmüşdü. Bundan sonra daşnak liderləri Şərqi Anadoludan quldur dəstələrini çıxararaq Azərbaycan torpaqlarına soxuldular. Həmin dövrdə ermənilərin nəşr etdirdikləri “Nezavisimaya Armeniya” qəzeti yazırdı: “Erməni daşnaklarının ərazi əldə etmək istəyi çox böyük idi. Ona görə də onlar öz nizami ordularını Zəngəzura göndərərək könüllüləri inandırmağa çalışır, əhalini qırır və beləcə öz sıralarını genişləndirməyə can atırdılar”.

Mənblərin verdiyi məlumata əsasən, 1918-1920-ci illərin azərbaycanlıların soyqırımından əvvəl də bölgədə etnik üstünlük azərbaycanlılara məxsus olmuşdur. 1916-cı il yanvarın 1-ə olan məlumatlara görə, Naxçıvan qəzasında 81708 nəfər (59 faiz) azərbaycanlı, 54209 nəfər (40%) erməni yaşayırdı. Bu rəqəmlər Şərur-Dərələyəz qəzasında müvafıq olaraq 60183 (66,7%) və 29165 (32,3%) idi. 1917-ci ildə həmin rəqəmlər azərbaycanlılarm təbii artımı hesabına bir qədər də dəyişmişdi. Bu zaman Naxçıvan qəzasında əhalinin 83276 nəfəri (59,4%) azərbaycanlı, 50193 nəfəri (39,6%) erməni idisə, Şərur-Dərələyəz qəzasında bu say müvafıq olaraq 82607 nəfər (68 faiz) və 31999 nəfər (31%), Zəngəzurda isə 123085 nəfər (55%), 99257 nəfər (44,3%) idi.

1828-ci ildən başlayaraq çar Rusiyası tərəfindən ermənilərin Naxçıvan ərazisində  yerləşdirilməsi xüsusi planlar əsasında həyata keçirilmişdi. Burada da əsas məqsəd türk-müsəlman əhalinin yerləşdiyi məntəqələri mühasirəyə almaq və hər bir azərbaycanlı kəndi arasındakı rabitəni kəsmək, strateji yollara və su mənbələrinə nəzarətdən ibarət olmuşdur. Tarixçı-alim Elman Cəfərli V.Qriqoryevə istinadən qeyd edir ki, ilkin olaraq Naxçıvan şəhərinə 416, Əbrəqunus kəndinə 36, Bənəniyar kəndinə 43, Qazançı kəndinə 22, Xəlilli kəndinə 24, Kültəpə kəndinə 70, Nehrəm kəndinə 208, Ayrınc kəndinə 31, Qarababa kəndinə 24, Külüs kəndinə 13, Nursu kəndinə 30, Şahbuz kəndinə 20, Məzrə kəndinə 22, Ordubad mahalına 266, Əylis kəndinə 37, Aza, Dər, Dizə və Dörnıs kəndlərinə 182 erməni ailəsi olmaqla, 2285 ailə köçürülmüşdür. Bu kəndlər isə Naxçıvanın strateji yaşayış məntəqələri idi.

Əvvəlcə, başlayaq qədim türk yurdu olan Naxçıvan şəhərindən. Şərqdən Şeyx Mahmud (Şıxmahmud) və Nəzərabada yerləşdirilən ermənilərlə Naxçıvan şəhərinin bölgənin ən böyük azərbaycanlı kəndi olan Cəhri kəndi ilə əlaqəsi kəsilirdi. Həm də bu yol Şahbuz istiqəmətində olduğundan bu bölgə ilə əlaqələrə təsir edirdi. Naxçıvan şəhərinin Şərur bölgəsi ilə əlaqəsi Əliabadda yerləşdirilən ermənilərlə kəsilmiş, Naxçıvan şəhərinin Araz çayı vasitəsi ilə Qacarlar dövləri ilə əlaqəsi isə daşnakların yuvasına çevrilən Qaraxanbəyli kəndi ilə əhatə olunmuşdur. Həmçinin buradan strateji yerdə olan Adilağa gölünə də Qaraxanbəyli erməniləri nəzarət edirdi. Eyni zamanda, Qaraxanbəyli kəndində yerləşdirilən ermənilər Naxçıvanın azərbaycanlılar yaşayan Qaraçuq və Bulqan kəndləri ilə də əlaqəsini kəsirdi.

Naxçıvan şəhərinin böyük azərbaycanlı kəndi olan Nehrəm kəndi ilə əlaqələrinə isə Təzəkənd və Yamxanada yerləşdirilən ermənilər nəzarət edirdilər, Hacıvara yerləşdirilən ermənilər vasitəsi ilə Naxçıvan şəhərinin Qahab, Sirab və Zeynəddin kimi azərbaycanlı kəndləri ilə əlaqəsi nəzart altında idi. Demək olar ki, əhalisi azərbaycanlılardan ibarət Naxçıvan şəhəri hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuş, ətrafdakı türk-müsəlman kəndləri ilə əlaqə kəsilmişdir. Belə ki, Şıxmahmud, Nazərabad, Hacıvar, Badaşxan, Kültəpə, Kərimbəyli, Yamxana, Araz, Tumbul, Qaraxanbəyli, Əliabad kəndlərinə ermənilərin köçürülməsi nəticəsində Naxçıvan şəhəri ilə ətrafdakı ən böyük azərbaycanlı kəndələri olan Nehrəm, Cəhri, Qahab, Zeynəddin və digər kəndlərlə əlaqə kəsilmişdi.

Naxçıvanın digər bölgələrində də bu taktika həyata keçirilmiş hər bir türk-müsəlman kəndi erməni kəndləri ilə əhatə olunmuşdur. Həmçinin, ermənilər Naxçıvan şəhərinin strateji yerlərində də məskunlaşdırılmışdır. Belə ki, Naxçıvan şəhərinin dəmir yolu vağzalına nəzarət etmək üçün ermənilər Qaraxanbəyli və Culfanın Gülüstan kəndlərində yerləşdirlmişdir. Bazarın ətraf məhəlləsinə də ermənilər yerləşdirilmişdir. Həmçinin su mənbələrinə də nəzarət onların yerləşdirildiyi kəndlərin əlində idi.

Şahbuz bölgəsində ermənilər əsasən Nursu, Qarababa, Ayrınc, Gömür kəndlərində və Badamlı qəsəbəsində yerləşdirilmişdir. Digər kəndlərdə yerləşdirilən ermənilər isə həmin kəndlərdə məskunlaşa bilməyib başqa kəndlərə köçmüşlər. Bu məskunlaşdırılma nəticəsində ermənilər azərbaycanlı kəndləri arasındakı əlaqələrə sarsıdıcı zərbələr vururdular. Daşnakların Naxçıvanda həyata keçirdikləri cinayətlərə, o cümlədən soyqırımı cinayətlərinə dəstək verirdilər. Culfadan başlayaraq Naxçıvanda soyqırımı törədən Andronik Ozanyan yerli ermənilərdən hər cür dəstək, o cümlədən informasiya dəstəyi alırdı. Şahbuz istiqamətində qırğınlar törətmək üçün Andronuk Culfanın Yaycı kəndində insanları qətl etdikdən sonra quldurluq yuvasını-qərargahını Babək rayonunun Güznüt kəndirdə yerləşdirdi. Sonra Yamxana, Hacıvar, Badaşqan, Kültəpə, Yarımca yolu ilə Sirab kəndində böyük qətliam törətdi və Xalxal, Vayxır, Qızılboğaz, Şahbuz, Qarababa, Nursu yolu ilə Şahbuzun ən böyük kəndi olan Keçili kəndinə hücum etdi. Lakin, kənd sakinlərinin qəhrəmanlığı sayəsində bu kəndi ələ keçirə bilmədi. Bu kəndin döyüşkən insanları həm də Zəngəzurda ermənilərə qarşı ciddi mübarizədə həmin bölgənin insanlarına kömək edirdilər. Andronik isə Keçili kəndində güclü müqavimətə rast gəldikdən sonra Zəngəzur istiqamətinə hərəkət etmişdir. Həmçinin Keçili kəndinin döyüşçüləri Culfanın Qazançı kəndində yerləşdirilən ermənilərə hücum edərək onların müqvimətini qırmışlar. Keçili kəndinin sakinləri isə 30-cu illərin qanlı represiyasına daha çox məruz qaldılar.

Culfa rayonu Araz çayı sahilində yerləşdiyi üçün bu siyasətdə xüsusi əhəmiyyət daşıyırdı. Türkmənçay müqaviləsi imzalanmazdan əvvəl Culfa rayonunun əhalisi əsasən azərbaycanlı idi. Köçrülmədən sonra bölgədə erməni ailələri formalaşdı. Müqavilə imzalandıqdan sonra ermənilərin bir hissəsi Culfa rayonunun Qızılca, Əbrəqunus, Bənəniyar, Göydərə, Qazançı, Ərəzin, Saltaq, Paradaş, Gal və başqa kəndlərdə yerləşdirildi. Çar Rusiyasının məqsədi bölgədə xristian əhalini tam yerləşdirməklə azərbaycanlıları sıxışdırmaqdan ibarət idi.  Köçürülən ermənilər bu bölgədə də əhalinin etnik tərkibini dəyişdi. Bu dəyişikliklər həm sosial, həm də iqtisadi baxımdan bölgəyə təsir göstərdi. Yerli əhali ilə yeni köçürülən ermənilər arasında torpaq və təsərrüfat mübahisələri baş verirdi. Əvvəlcə Culfa ərazisində 28 kəndin yalnız 4-də azsaylı erməni ailəsi var idi. Lakin 1830-cu ildən sonra Rusiya höküməti Culfa mahalının 15 kəndində yeni erməni icmaları yaratdı (Əlincə, Ərəzin, Dəstə, Yernicə, Aza və.s ) köçürülən ailələrə 25 desyatin torpaq sahəsi, ərzaq yardımı və tikinti materialları həmçinin kilsə və məktəb tikintisi üçün dövlət vəsaiti ayrıldı. Bu siyasət nəticəsində bir çox yerli müsəlman kəndləri boşaldıldı, əhali Arazın o tayına Cənubi Azərbaycana köçməyə məcbur oldu. 1831-ci ilə qədər Culfa rayonuna təxminən 480-500 erməni ailəsi yerləşdirilmişdi. 1832-ci il siyahıya alınmasına görə, Naxçıvan qəzasında əhalinin 28%-i, o cümlədən Culfa mahalında isə 41%-i erməni idi ki, bunların da böyük hissəsi 1828-1830-cu illərdə köçürülən ailələr idi.  Ermənilərin Culfada məskunlaşdırılması həm iqtisadi, həm hərbi məqsədlər daşıyırdı. Rusiya bu bölgəni Araz keçidi üzərində “xristian dayağı”na çevirməyə çalışırdı. 1830-cu illərin ortalarına qədər Culfa artıq rəsmi sənədlərdə “erməni ticarət məntəqəsi” kimi göstərilirdi. Bu köçürülmə prosesi 1828-ci ildə imzalanan bədnam Türkmənçay müqaviləsinin XV maddəsinə əsaslanırdı. Müqaviləyə görə, Qacarlar dövləti ərazisində yaşayan ermənilər istədikləri halda Rusiya idarəçiliyi altındakı ərazilərə köçə bilərdilər. Rusiya imperiyası bu maddəni fürsət kimi istifadə edərək erməniləri strateji əhəmiyyətli bölgələrə, xüsusilə İrəvan, Naxçıvan, Ordubad, və Culfa ərazilərinə yönəltdi. Müharibədən sonra Xoy, Urmiya, Səlmas, Təbriz və Marağa bölgələrindən minlərlə erməni ailəsi hərbi dəstələrin müşayəti ilə Araz çayını keçərək Culfaya gətirildi. Köçürülməyə Rusiya diplomatı və şair A.S.Qriboyedov rəhbərlik edirdi. Culfa rayonunda ermənilərin məskunlaşdırlması belə həll edilmişdi:  Gülüstan kəndinə təxminən 50-60 erməni ailəsi, yəni 250-300 nəfər, Əlincə çayının sahilində yerləşdiyi üçün strateji baxımdan əhəmiyyətli olan Qazançı kəndinə təxminən 40-50 erməni ailəsi, yəni 200-250 nəfər, Ərəzin kəndinə 15-20 ailə, yəni 75-100 nəfər erməni köçürülüb. Ərəfsə, Xələc, Darıdağ kəndlərinin hər birinə təxminən 10-15 erməni ailəsi yerləşdirilmişdir. Bənəniyar kəndinin strateji və kənd təsərrüfatı potensialından istifadə etmək üçün buraya 10-12 erməni ailəsi, təxminən 50 nəfər, Göydərə kəndinin etnik balansını dəyişmək və strateji mövqeyini gücləndirmək üçün 10-15 erməni ailəsi, yəni 50-75 nəfər erməni yerləşdirilmişdi. Saltaq kəndinə təxminən 8-12 erməni ailəsi, 40-60 nəfər məskunlaşdırılıb. Gal kəndinə 8-10 erməni ailəsi 35-50 nəfər, Paradaş kəndinə sərhədlərə nəzarət etmək və kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə bu kəndə 7-10 erməni ailəsi 35-45 nəfər, Anzır kəndinə 8-10 erməni ailəsi 35-50 nəfər, Şurut kəndinə isə təxminən 7-9 erməni ailəsi 30-45 nəfər köçürülmüşdür. Bu kənddə məskunlaşdırılmış ermənilər isə Andronikin Naxçıvanda törətdiyi soyqırımı cinayətlərində fəal iştirak etmişlər. Qazançıda yaşayan ermənilərin ətraf kəndlərə hücumunun qarşısının alınmasında Şahbuz rayonunun Keçili kəndinin döyüşkən insanaları xüsusi rol oynayaraq ermənilərin hücumlarının qarşısının almışlar. Ümumilikdə, 1828-1830-cu illərdə təxminən 480-500 erməni ailəsi Culfa şəhəri və ətraf kəndlərinə köçürülümüşdür. Bu da rayonun etnik tərkibini dəyişdi, sosial və iqtisadi münasibətlərə təsir göstərdi və gələcəkdə bölgədə etnik qarşıdurmalar üçün zəmin yaratdı. Gülüstan, Qazançı və digər kəndlərdə ermənilər sosial və dini icmalar yaratdılar.  Yerli əhali və ermənilər arasında torpaq, su və kənd təsərrüfatı resurslarına görə mübahisələr yarandı. Culfa sərhəd rayonu olduğundan, köçürülən ermənilər rus hakimiyyətinə loyal əhali rolunu oynadı. Bu, isə Rusiyanın bölgədə strateji nəzarətini gücləndirdi.

Çarizmin ermənilərin köçürülməsi siyasətinin əsas istiqamətlərindən biri də onların xüsusu ilə iri şəhərlərdə, mahal, əyalət, dairə, quberniya mərkəzlərində yerləşdirilməsi, orada müsəlman-türk əhalisini sıxışdırmaq, ciddi demoqrafik dəyişikliklər aparmaq idi. Belə yaşayış məntəqələrindən biri də Ordubad şəhəri idi. Ordubad şəhəri ermənilər köçürülənə qədər etnik cəhətdən tam yekcins şəhər idi. Arxiv sənədlərində də bu, öz təsdiqini tapır. Çar Rusiyası tərəfindən  ermənilərin Ordubad şəhərinə yerləşdirilməsi şəhər əhalisinin etnik tərkibini dəyişdirmək, həm də burada xristian dinini yaymaq, xristian adət və ənənələrini tətbiq etmək, müsəlman-türk adət-ənənələrini tədricən sıxışdırıb sıradan çıxarmaq məqsədi güdürdü. Ordubad şəhəri həm də saf havası, suyu, çeşmələri bir sözlə gözəl təbiəti ilə ermənilərin buraya köçməsini asanlaşdırırdı. 1828-ci ildə köçürülən ermənilər Ordubad şəhərinin bir neçə ailə olmaqla, əksər məhəllələrində yerləşdirilmişdir. Lakin onlar çoxu şəhərin Yuxarı Anbaras (İndiki İbrahim Əbilər) küçəsində yerləşdirilmiş, burada onlar üçün erməni məhəlləsi salınmışdır. Çünki Yuxarı Anbaras məhəlləsi Ordubad şəhərinin “gözü” sayılır, xalq arasında buranı Ab-Anbaras da adlandırırdılar. Ermənilərə burada kilsə tikmək hüququ da verilmişdi. Birinci Qarabağ müharibəsinə qədər Ordubadda 11 erməni ailəsi olmaqla, 50-yə yaxın etnik erməni yaşayırdı. Məlum hadisələrdən sonra onların bir hissəsi indiki Ermənistana, bir hissəsi isə Rusiya və Ukraynaya köçüb getmişdir. Ordubada köçürülən ermənilər yerləşdikləri kəndlərin adlarını belə dəyişdirmişlər. Onlar Aşağı Əylis (Aşağı Akulis),  Yuxarı Əylis (Yuxarı Akulis), Varagirt,  Beksel, Anaqurt (Danagira), Terniz, Kələki, Çənnəb, Urmis, Aşağı Aza, Der, (Parağa) Pazağa, Tivi, Bisti, Alyağı, Nəsirvaz (Nəsirabad) kəndlərində yerləşdirilmişdir. Ordubad şəhəri də eyni vəziyyətdə idi. Dəstə kəndi ilə Ordubad şəhərinin arasına Əylis kəndləri, azərbaycanlı kəndləri olan Yaycı ilə Dəstə kəndləri arasındakı Aza və Der kəndlərinə ermənilər yerləşdirilmişdir. Yerləşmədə əsas strategiya azərbaycanlılar yaşayan kənlər arasındakı əlaqəni kəsmək və su mənbələrinə nəzarət etməkdən ibarət idi.

Şərur-Dərələyəz qəzası 1874-1918-ci illərdə İrəvan quberniyasının inzibati-ərazi vahidi olan Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (XVIII əsrin 40-cı illəri-1827) Şərur mahal kimi onun tərkibində, Dərələyəz isə Naxçıvan xanlığına tabe idi. 1870-ci ildə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza-Şərur-Dərələyəz qəzası (mərkəzi Baş Noraşen) təşkil olunmuşdu. İ.Şopenin 1829-1832-ci illərdə tərtib etdiyi kameral təsvirə görə, İrəvan əyalətinin Şərur mahalında 50 kənd qeydə alınmışdı. Bu kəndlərdə 1305 ailə yaşayırdı. Onların hamısı azərbaycanlı (türk-müsəlman) idi, bir nəfər də erməni ailəsi belə, qeydə alınmamışdı. Əhalinin sayı 6510 nəfər isə idi. Yalnız çar Rusiyasının köçürmə siyasəti nəticəsində mahalda ermənilər peyda olmuşdu. Dərələyəz mahalına Qacarlar dövlətindən 336 ailə, yaxud 1762 nəfər erməni köçürülmüşdü. Erməni ailələrinin köçürülməsi əhalinin etnik tərkibində qismən dəyişikliyə səbəb oldu. O zaman Naxçıvan əyalətinin Dərələyəz mahalında 78 kənd qeydə alınmışdı. 1001 azərbaycanlı ailəsində 4583 nəfər yaşayırdı. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Şərur-Dərələyəz qəzasının sahəsi 2637, 50 verst idi. Qəzada 90250 nəfər qeydiyyata alınmışdı, onların 88496 nəfəri daimi yaşayan azərbaycanlı, 1754 nəfəri müvəqqəti yaşayanlar idi. Şərur-Dərələyəz qəzası əhalisinin, təxminən 58493 nəfəri (68,4%) azərbaycanlı, 29165 (32,3%) nəfəri erməni və başqa millətlər idi. Azərbaycan Xalq Cümhuriyyəti Baş nazirinin Paris Sülh konfransı sədrinə 1919-cu il 16/19 avqust tarixli müraciətində Şərur-Dərələyəz qəzasında azərbaycanlıların 72,3%, ermənilərin 27,1%, başqalarının 0,4% olduğu bildirilirdi. Göründüyü kimi, İrəvan və Naxçıvan xanlıqlarının son dövründə əhalisi ancaq azərbaycanlılardan ibarət olan Şərur-Dərələyəz qəzasında ermənilərin sayı süni şəkildə bütün əhalinin üçdə birinədək artırılmışdı. Ermənilər əsasən 1918-1920-ci il hadisələrinə qədər indiki Xanlıqlar, Danyeri, Yuxarı Yaycı, Oğlanqala, Gümuşlü, Yengicə, Aşağı Yaycı, Dizə, Axura kəndlərində yerləşdirilmişdi. Bu yerlər isə əsasən su mənbələri və strateji nöqtələr idi. 1918-20-ci il qırğınından sonra ermənilərin demək olar ki çox hissəsi buranı tərk etmişdir. Tarixi mənbələrdə ermənilərin Şərur rayonunda müvəqqəti və məhdud şəkildə yaşadığı aydın görünür. Şərur rayonunun kəndlərində ermənilərin sayı heç vaxt əhalinin ümumi stukturundan üstünlük təşkil etməyib. Çar Rusiyası bu əraziləri nə qədər xristianlaşdırmaq istəsələr də buna nail ola bilmədilər. Şərur rayonun strateji əhəmiyyəti baxımından erməni yaşayan kənlərin əksəriyyəti dağ və Arpaçay ətrafı kəndləri idi. Bəzi kəndlərdə Qriboyedovun məlumatına görə, torpaq mübahisələri olmuşdur. Bu məsələlərdə ermənilər azlıq təşkil etdiyinə görə azərbaycanlıların xeyrinə həll ediliridi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan əzəli Azərbaycan torpaqları olan Şərur-Dərələyəz qəzasına əsassız iddia irəli sürən erməni-daşnak hakimiyyəti etnik təmizləmə vasitəsilə bu ərazilərin erməni hakimiyyətinə keçməsinə can atırdılar. Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra Şərur-Dərələyəz qəzasının Dərələyəz sahəsi bütünlüklə Ermənistan SSR-ə verildi. 1929-cu il 18 fevral tarixli Zaqafqaziya MİK-in qərarına əsasən Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş və onun tərkibindəki Qurdbulaq, Xacik və Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana verilmişdi. Bu, beynəlxalq Qars müqaviləsinin şərtlərinin pozulması, eyni zamanda Azərbaycana və azərbaycanlılara qarşı xəyanətkar qəsd və cinayətdir.

1828–1832-ci illərdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürülmə siyasəti çərçivəsində İrandan və Osmanlı imperiyasından ermənilər Cənubi Qafqaza, o cümlədən Babək rayonunun ərazisinə köçürülmüşdür. Köçürülən ermənilərə torpaq, vergi güzəştləri və digər imtiyazlar verilmiş, bunun nəticəsində yerli azərbaycanlı əhalinin bir hissəsi öz torpaqlarında məcburi köçkün vəziyyətinə düşmüşdür.

Tarixi mənbələrdə göstərilir ki, yuxarıda qeyd olunan tarixi dğvr ərzində Nehrəz (indiki Babək) ərazisinə 127 ailə, Cəhri kəndinə 84, Qıvraq kəndinə 45, Şıxmahmud kəndinə 38, Gömür kəndinə 42, Vayxır kəndinə 31, Digi, Xacavar, Hacvıvar, Xıncab, Tumbul, Güznüt və digər kəndlərə 28 erməni ailəsi köçürülmüşdür. Bütövlükdə isə Babək rayonunda 1828-1832-ci illərdə 2.057 erməni ailəsi məskunlaşdırılmışdır. 1828-1830-cu illərdə baş verən köçürmə planlı siyasi və strateji demoqrafik dəyişiklik idi. Nəticədə Naxçıvanın, o cümlədən Babək rayonunun kəndləri kökündən dəyişdi, azərbaycanlı əhalinin mülkləri əlindən alındı. Bu tarixi fakt isə etno-siyasi problemlər yaratdı. Sonrakı dövrlərdə də ermənilər Güznüt, Kültəpə, Təzəkənd, Yamxana, Yarımca, Xalxal, Xəlilli, Məzrə, Kərimbəyli, Hacıvar, Tumbul, Nəzərabad, Şurnaz, Toxtaqanlar, Didivar, Aşağı Uzunoba, Yuxarı Uzunoba  kəndlərində yerləşdirilmişdir. Rayonun ən böyük kəndi olan Nehrəm kəndi erməni kəndləri ilə tam əhatə olunmuşdu. Belə ki, Nehrəmlə Naxçıvan arasında Yamxana, Tumbul kəndləri, Bənəniyar və digər türk-müsəlman kəndləri arasında Güznüt, Culfa ilə arada isə Gülüstan kəndində ermənilər yerləşdirilmişdir. Həmçinin, böyük Cəhri kəndi ilə Naxçıvan şəhəri arasında Nəzərabad, Şıxmahmud kəndləri, Qahab, Sirab və Zeynəddin kimi türk-müsəlman kəndləri arasına isə Xalxal kəndinə ermənilər yerləşdirilmişdi. Cəhri kəndinin aşağı hissəsində də çoxlu erməni ailəsi köçürülmüşdü. M.S.Ordubadi “Qanlı illər” əsərində qeyd edir ki, Naxçıvan şəhərində ermənilər əsla dinc oturmayıb müsəlmanları hər saatda müharibəyə çağırırdılar. Belə ki, 1905-ci ilin may ayının 5-də gündüz saat 3 radələrində üç nəfər Cəhri kəndinin sakini Şıxmahmud adlı yerdən keçdikləri vaxt ağır surətdə yaralanırlar. 1905-ci il may ayının 8-də İrəvan vitse-qubematoru Baranovskı İrəvandan şəhər qlavası Ağamalov ilə, daha bir ay qabaq Peterburqa getmiş şəhər qlavası Cəfərquluxan Naxçıvanski ilə Naxçıvana daxil oldular. Onların gəlməsini eşildikdə camaat qapıya tökülüb ermənilərin bu işindən şikayətə başlayırlar. May ayının 9-da Cəhri müsəlmanları qubernatorun hüzuruna gəlib- “Bizim kəndin yolları hər tərəfdən erməni əlindədir. Bu səbəbdən təvəqqe edirik, yolları hökumət mühafizəsinə alasınız”-deyə şikayət etdilər.

Çar hökuməti müxtəlif bəhanələrlə xan-bəy torpaqlarını ələ keçirməyə, bir mülkü o birinin ardınca Rusiya xəzinəsinə verməyə başladı. Torpaq sahibləri isə elə sıxıntılara, təqiblərə salındı ki, başları hayına qaldılar. Bu baxımdan Kəngərli tayfalarının başına gələnlər çox ağır idi. Tarixi mənbələrdə qeyd olunur ki, II Rus-İran müharibəsindən sonra başçıları Ehsan xan olan 1270 kəngərli ailəsi (orta hesabla 6300 adam) bütün vergilərdən azad edilmişdi. Çünki əsrlər boyu onlar Araz üstündə sərhəd qulluğunda idilər. Çar höküməti onları  sərhəd qulluğunda saxlamışdı. Sərhəd keşiyində duran 200 atlı Kəngərli əsgərlərini Kəngərli camaatı öz hesabına saxlayırdı. Onları at, silah, geyimlə təmin edir və bütün yaşayış xərclərini ödəyirdilər. Lakin, 30-cu illərdə köklü dəyişikliklər baş verdi. Kəngərlilərin sıxışdırlması başlandı.  Kəngərli toplumu üzərinə gümüş pul ilə 2698 pul vergisi, natural yığım və mükəlləfiyyət qoyuldu. Ehsan xanın böyük mülklərindən biri əlindən alındı. Bu mülk 3223 gümüş manata girov qoyulmuş, girov kağızı şəhər məhkəməsinin yazılı şəhadəti ilə təsdiq olunmuşdu. Girov götürənin İrana qaçmasını bəhanə edən çar hakimləri dərhal bu mülkün Rusiya xəzinəsinə keçdiyini bildirdilər. General-mayor müraciətini Rusiya hərbi naziri  qraf A.Cernışevə buraxdı. Ehsan  xanın Qafqaz baş komandanı Paskeviçin yanına Varşovaya getməsi və sonuncunun əski imtiyazının saxlanılması barədə çara üz tutması da cavbsız qaldı. Kəngərlililərin çoxu torpağını buraxıb o taya köçdülər. 

Kəngərli rayonunda isə ermənilər Çalxanaqala (Əznəbürt), Xıncab və Təzəkənd  ərazisində yerləşdirilmişdir. Onlar buradan Şərur-Naxçıvan yoluna nəzarət etməklə yanaşı, böyük azərbaycanlı kəndləri olan Cəhri kəndi ilə Qarabağlar, Xok, Şahtaxtı və digər azərbaycanlı kəndlərinin də əlaqəsini nəzarətdə saxlayırdılar.

Birinci Pyotrun avantürist “Vəsiyyətnamə”sinə əsasən Naxçıvana köçürülən ermənilər burada xüsusi taktika üzrə yerləşdirilsə də, onlar zaman-zaman özlərinə yad olan bu torpaqları tərk etdilər. Bu torpaqlar isə öz əzəli sahiblərinə əbədi olaraq qaldı. Rus çarı tərəfindən oynanılan bu oyunda onun özü mat oldu. Deyirlər, şahmat oyununda şərəf şahdır, şöhrət isə piyada. Şöhrətini itirsən iki xalını itirərsən, şərəfini itirəndə isə oyun bitər. Bəli, 162 il ərzində Naxçıvan torpaqlarında oynanılan bu oyun 17 noyabr 1990-cı ildə bitdi. Çar isə mat oldu.

“Xalqın tarixini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur.”- deyirdi Ulu Öndər Heydər Əliyev. Biz isə bu coğrafiyanın bir övladı olaraq bu borcumuzu yerinə yetirməyə çalışdıq.

Bəli, sonda həqiqət və ədalət qalib gəlir. Çünki, tarix hər şeyi zamanla öz yerinə qoyur!

 

 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

 

  1. Məmməd Səid Ordubadi. “Qanlı illər”. Bakı, 1991.
  2. Elman Cəfərli. “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”. Bakı. “Nurlan”-2009.
  3. Vəli Baxşəliyev, Emin Şıxəliyev, Yaşar Rəhimov.  “Şərur rayonunun tarixi”. Naxçıvan. “Əcəmi”-2022.
  4. Yerli sakinlərin və tarix müəllimlərinin fikirləri.

 

 

                                                                            Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,

baş ədliyyə müşaviri

Prokurorluğun fəxri işçisi

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: