Azərbaycan tarixində xalqımızın azadlığı və torpaq bütövlüyü uğrunda canını fəda edən Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailəsi sonradan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sacılar kəndinə köçüb və Koroğlu orta təhsilini də burada alıb.
Ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsində alan Koroğlu Rəhimov 1972–1974-cü illərdə hərbi xidmətdə olub. Vətənə qayıtdıqdan sonra ali təhsilini tamamlayaraq Bakı Məişət Kondisionerləri Zavodunda əmək fəaliyyətinə başlayıb.
1990-cı illərin əvvəlləri ölkəmiz üçün ən ağır dövrlər idi. Belə bir zamanda Koroğlu Rəhimov 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb. Qısa müddət ərzində o, “N” saylı hərbi hissənin 2-ci motoatıcı bölüyünə komandir təyin edilib.
1992-ci il iyunun 13-də Koroğlu Rəhimovun rəhbərliyi altında bölük Buzluq, Çartaz və Erkəç kəndlərinin azad olunmasında böyük şücaət göstərib. 1992-ci il iyunun 21-də Madagiz istiqamətində gedən ağır döyüşlər zamanı o, mühasirəyə düşmüş bir taborun komandirini xilas edib. Lakin 1992-ci il iyulun 3-də Ağdərə istiqamətində gedən döyüşlərdə Koroğlu Rəhimov qəhrəmancasına şəhid olub.
1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Koroğlu Rəhimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bu gün onun adı Bakı və Oğuz rayonlarında küçələrə verilib, haqqında sənədli filmlər və yazılar hazırlanıb. Koroğlu Rəhimovun adı Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və fədakarlığın simvolu kimi daim yaşayacaq.
NURTAC İSMAYILOVA
