Xalqımızın yaddaşında mart ayı bayramlar mövsümü kimi dərin iz buraxsa da, artıq noyabr da həmin məqamı bölüşür. Əgər mart min illərin sınağından çıxmış milli dəyərlərin, Novruzun və çərşənbələrin rəmzidirsə, noyabr ayı xalqımızın dövlətçilik ruhunu, milli qürurunu və tarixi Zəfərini yaşadan günlərlə əlamətdardır. Belə ki, noyabrın 8-də Zəfər Günü, 9-da Dövlət Bayrağı Günü, 12-də Konstitusiya Günü, 17-də isə Milli Dirçəliş Günü qeyd olunur. Bu tarixlərin hər biri özündə milli fəxarəti, bir xalqın öz dövlətçilik ənənələrinə sahib çıxdığı dəyərli məqamları yaşadır.
Əsrlər boyu dövlətçilik ənənələrini qoruyub saxlayan Azərbaycan xalqı müstəqillik və suverenlik dəyərləri uğrunda ən çətin sınaqlardan çıxaraq tam suveren dövlətini qurub. 5 il əvvəl-2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünü və qətiyyətini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıqla Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək ərazilərimizin böyük bir hissəsini azad etdi. Bununla da, Azərbaycan BMT qətnamələrini öz gücünə yerinə yetirdi. 2023-cü il sentyabrında isə cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində separatçı rejim ləğv edildi, Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyev Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, bu ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edib. Bu qərar müasir Azərbaycan dövlətçiliyi tarixində olduqca əhəmiyyətli bir addımdır. Dövlət suverenliyinin tam təmin olunduğu bir dövrdə “Konstitusiya və Suverenlik İli”nin elan olunması həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Çünki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.
Azərbaycanın tam suverenliyə nail olması reallığı ölkəmizin iqtisadi inkişafına, regional güc kimi mövqeyinin möhkəmlənməsinə və beynəlxalq münasibətlərdə daha nüfuzlu tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Sülhün memarı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında inkişaf etdirilən sülh gündəliyi, kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər bölgədə yeni reallıqlardan xəbər verir.
Bu gün Azərbaycan dövləti tam suveren, əraziləri bütöv, sərhədləri isə toxunulmazdır. Xalqımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə olunmuş bu azadlığı özünün ən böyük milli sərvəti kimi qoruyur. Xalqın öz taleyinə, dövlətinə, mədəni və siyasi irsinə sahib olması onun tarixində ən böyük qürur mənbəyidir. Bu qürurun təntənəsi olaraq, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək. Artıq yubiley paradına hazırlıqla bağlı məşqlər icra olunur. Bir sözlə, noyabr ayının bayramlar ayına çevrilməsi Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulduğunun, xalqımızın dövlətçilik ruhunun və birliyinin əbədi olduğunun əyani nümunəsidir.
Nəriman Nəcəfov
