“Şərq qapısı” qəzetinin elan etdiyi “Konstitusiya və Suverenlik İli” ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 4-də “Konstitusiya və Suverenlik İli”, tarixi zəfərin 5 illiyi ilə əlaqədar “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İlinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində 2020-ci ildə qazanılmış tarixi zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib. Beləliklə, Azərbaycan xalqının həmrəyliyi, liderin qətiyyəti, şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində dövlətimizin suverenliyi təmin olunub. Bu il Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq referendumu ilə qəbul edilməsinin 30-cu ili tamam olur. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında, milli təfəkkürün möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. “Konstitusiya və Suverenlik İli” tarixi dövlətçilik ənənələrimizin daha da möhkəmləndiyi, müstəqilliyimizin hüquqi-siyasi əsaslarının gücləndiyi dövrü xatırladır. Bu münasibətlə ölkədə və muxtar respublikada silsilə tədbirlər həyata keçirilir. “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İlinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsi də həmin tədbirlərin tərkib hissəsi kimi, dövlətçiliyimizin və zəfərimizin mahiyyətinin ictimaiyyətə düzgün aşılanmasında mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxışlarında qeyd ediblər ki, “Şərq qapısı” qəzeti “Konstitusiya və Suverenlik İli”nin ölkəmizin ictimai-siyasi həyatındakı tarixi əhəmiyyətini nəzər alaraq zəfərimizin, suverenliyimizin, Konstitusiyamızın mənəvi dəyərini yaradıcılıq vasitəsilə ifadə etməyi hədəfləyən bir müsabiqə elan edib. Bu müsabiqənin keçirilməsində məqsəd həm gənclərdə və yaradıcı şəxslərdə Vətən sevgisini gücləndirmək, həm də onların fikirlərinə, ruhuna, yaradıcılığına bir pəncərə açmaqdır. Əldə edilən nəticələr isə gözləniləndən də yüksəkdir. Müsabiqəyə təqdim olunan işlərdə — istər esse olsun, istər məqalə, istər foto və ya yaradıcılıq nümunəsi — hər kəs öz Vətən anlayışını, zəfər sevincini, Azərbaycanın bugünkü inkişaf tempini və gələcəyə inamını böyük səmimiyyətlə ifadə edib.
Sonra müsabiqənin nəticələri elan edilib. Münsiflərin rəyinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, AZƏRTAC-ın əməkdaşı Samirə Quliyeva birinci, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin əməkdaşı Muxtar Rzazadə, Naxçıvan televiziyasının əməkdaşı Məsumə Şirəliyeva, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Türkan Hüseynli ikinci, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Anar Tağıyev, “Səs” qəzetinin əməkdaşı Lalə Mehralı, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Tural Məmmədzadə və Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Emin Zeynalov isə üçüncü yerin qalibi olublar.
Birinci yerin qalibi Faiq Səfərov çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib, media qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq edəcəyini qeyd edib.
Qaliblərə diplom, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.