Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi – Xalq artisti Yalçın Adıgözəlov

A- A A+

Azərbaycan musiqi sənətinin inkişafında mühüm rolu olan tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirdikdən sonra dirijorluq sənətinə yönəlib.

Gənc yaşlarından müxtəlif orkestr kollektivləri ilə çıxış edən Yalçın Adıgözəlov qısa zamanda Azərbaycanın ən tanınmış dirijorlarından birinə çevrilib. Maestro 1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə həmin orkestrin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərib. 1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik Radio və Televiziya Orkestrinin, 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, 2001–2004-cü illərdə isə İstanbul Dövlət Opera Teatrının dirijoru olub.

Yalçın Adıgözəlov “La Traviata”, “Tosca”, “Karmen”, “Yevgeni Onegin”, “Aida”, “Don Kixot” kimi dünya klassik əsərlərinin səhnələşdirilməsində mühüm rol oynayıb. O, Azərbaycan musiqisini Rusiya, Türkiyə, İtaliya, Fransa, Almaniya, Çin, Latviya və digər ölkələrdə keçirilən konsertlərdə uğurla təmsil edib.

Dirijor müxtəlif illərdə bir sıra mükafatlara layiq görülüb, 14 sentyabr 2012-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Yalçın Adıgözəlov həm də uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq gənc dirijorların yetişməsində mühüm xidmətlər göstərir.

Bu gün Yalçın Adıgözəlov Azərbaycan mədəniyyətinin görkəmli və yaşayan simalarından biridir.

Nurtac İsmayılova

NUHÇIXAN 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: