Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində elmimizin yeni istiqamətləri müəyyənləşdirildi
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi müxtəlif tədbirlərlə qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində böyük inkişaf yol keçmiş, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı 1969-cu ildən etibarən elmin inkişafına daim diqqət və qayğı göstərilmiş, elmin inkişafına mane olan bütün halların aradan qaldırılması və onun inkişafının təmin edilməsi üçün əsaslı tədbirlər həyata keçirilmişdir. Respublikada yeni elmi mərkəzlər, elmi tədqiqat müəssisələri yaradılmış və onlarla yüksək səviyyəli kadrlar hazırlanmışdır. Həyata keçirilən uğurlu tədbirlər nəticəsində Azərbaycanda güclü elmi potensial yaranmış, Elmlər Akademiyası milli elmin baş qərargahı səviyyəsinə yüksəlmişdir.
O zaman uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bəzi regionlarda, o cümlədən Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və başqa şəhərlərdə elmi-texniki bazaların təşkil edilməsi qərara alınmış, eyni zamanda həmin şəhərlərdə respublika Milli Elmlər Akademiyasının elmi mərkəzləri yaradılmışdır. Belə mərkəzlərdən biri də Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli Sərəncamı əsasında təşkil edilmiş Naxçıvan Regional Elmi Mərkəzi idi. Regional Elmi Mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi inkişafını, tarixini, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrini öyrənməkdən ibarət idi. 70-ci illərdə Naxçıvanda elmi-tədqiqat işlərinin səmərəliyini daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasında Regional Elmi Mərkəzlə yanaşı, Naxçıvan Kompleks Zona Təcrübə Stansiyası, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası və Naxçıvan “Araz” Elmi-İstehsalat Birliyi də təşkil olunmuşdu.
Ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 25 mart 1971-ci il tarixli Qərarına əsasən Şamaxı Astrofizika Rəsədxanasının Batabat stansiyası yaradılmışdır. Bu elmi tədqiqat müəssisəsi Şahbuz rayonunun Biçənək kəndi yaxınlığında dəniz səviyyəsindən 2050 metr hündürlükdə yerləşmişdir. Qısa müddətdə həmin ərazinin aqroiqlimi öyrənilmiş, ulduz müşahidələri üçün həmin rayonun son dərəcə əlverişli olması aydın olmuşdur. Sonralar Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 15 iyun 1990-cı il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının bitki örtüyünün tədqiqi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun Naxçıvan Elmi-Tədqiqat Bazası yaradılmış, bununla da muxtar respublikada elmi mühit yenidən canlanmış, elm adamları 70-80-ci illərdə olduğu kimi, ciddi elmi axtarışlarını davam etdirməyə başlamışlar.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də Elmlər Akademiyasına, alimlərə böyük diqqət və qayğı ilə yanaşmışdır. O da çox böyük göstəricidir ki, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Həmin dövrdə Azərbaycanın maliyyə imkanlarının zəif olmasına baxmayaraq, ulu öndərimiz yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyətinə dəstək üçün vəsait ayrmışdı. Elmin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında” 7 avqust 2002-ci il tarixli Sərəncamı da məhz bu qayğının ifadəsi idi. 12 avqust 2002-ci ildə AMEA Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasında müşavirə keçirildi. Naxçıvan Bölməsinin hansı zərurətdən yarandığını qeyd edən ümummilli liderimiz müşavirədəki nitqində demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikamızın indiyə qədər çox az öyrənilmiş, qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
Azərbaycan Milli Elmlər Akademiyasına, elm adamlarına göstərilən bu diqqət və qayğı sonrakı dövrdə ulu öndər Heydər Əliyev siyasətini uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildi. Bu qayğıdan AMEA Naxçıvan Bölməsinə də böyük pay düşdü. 2011-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən AMEA Naxçıvan Bölməsinə doktorantura və dissertantura yolu ilə kadr hazırlamağa icazə verildi. AMEA Naxçıvan Bölməsinin fəaliyyətə başladığı ilk illərdə başqa elm və təhsil müəssisələri bölmə üçün kadr hazırlayırdısa, artıq bu gün Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası ilə yanaşı, həm də Azərbaycanın və digər dövlətlərin elm və təhsil müəssisələri üçün kadr hazırlayır. Qeyd edilən uğurlar məhz AMEA Naxçıvan Bölməsində yaradılmış münbit şərait nəticəsində mümkün olmuşdur.
Bu gün də Azərbaycanda elmin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirakı da məhz bu qayğının davamı kimi diqqəti cəlb edir. Ölkə başçısı yubiley tədbirində çıxışı zamanı demişdir: “Mən 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim”.
Bəli, son 10 ildə də hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Azərbaycan elmi böyük inkişaf yolu keçdi. Ancaq görüləcək işlər də çoxdur. Gələcəkdə elmimizdən praktik nəticələr gözləyən ölkə rəhbəri təkcə elmi əsərlərlə kifayətlənməməyi, iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq daha ciddi fəaliyət göstərməyi elm adamlarının qarşısına məqsəd kimi qoydu. “Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər” – deyən ölkə Prezidenti bu inkişafa elm adamlarının da öz töhfəsini verəcəyinə inamını ifadə etmişdir.
Ölkə Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə xüsusi diqqət çəkməsi isə hər bir elm adamının, ziyalının, həmçinin hər bir Azərbaycan vətəndaşının qarşısına yeni vəzifələr qoyur. Alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar qədər dövlətin də bu işdə diqqətli olmasının vacibliyindən söz açan ölkə başçısı bu sahədə də yeni istiqamətləri müəyyənləşdirdi.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
